“Birinci Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə keçib və ümidliyik ki, idmançılarımızın hər biri yaxşı nəticələr göstərəcək”.
Bu barədə Trend-ə Sambo üzrə Azərbaycan yığmasının baş məşqçisi Yaqub Abdullayev deyib.
Sambo idman növü üzrə Azərbaycanı Birinci Avropa Oyularında dörd qadın, dörd kişi olmaqla 8 idmançının təmsil edəcəyini bildirən Y.Abdullayev qeyd edib ki, hər bir idmançı medal uğrunda mübarizə aparmaqda iddialıdır: “İndiyə qədər hazırlıq işləri yüksək səviyyədə keçib. İstər Gənclər və İdman Nazirliyi, istərsə də Sambo Federasiyası tərəfindən Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı bütün lazımi işlər görülüb”.
Baş məşqçi idmançıların qələbəsində azarkeşlərin də dəstəyinin böyük rol oynadığını deyib: “Şübhəsiz ki, azarkeşlərin dəstəyi idmançılarımıza ruh yüksəkliyi verir. Bu baxımdan bütün azarkeşlərimizi yarışları izləməyə və idmançılarımıza dəstək olmağa dəvət edirəm”.