11 İyun 2015 12:38
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək Gürcüstan idmançılarının bir qrupu iyunun 11-də Tbilisi aeroportundan Azərbaycana yola düşüb.

İdmançıları Gürcüstanın Gənclər və İdman Nazirliyinin, idman ictimaiyyətinin nümayəndələri, eləcə də onların yaxınları yola salıblar.

Gürcüstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, stend atıcılığı üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Nino Salukvadze AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib: “Bu gün Bakıya boks, cüdo, yunan-Roma güləşi, güllə və ox atıcılığı, qılıncoynatma üzrə 30 idmançı, onların məşqçiləri və həkimləri gedir. Ümumiyyətlə, biz “Bakı-2015” İlk Avropa Oyunlarında 105 idmançı ilə təmsil olunacağıq. Onların arasında dünya və Avropa çempionları var. Hər birimiz Bakıya yeni qızıl medal üçün gedirik”.

Gürcüstan Boks Federasiyasının prezidenti David Kvaçadze isə bildirib ki, Bakıda ilk Avropa Oyunlarında qızıl medal uğrunda 9 boksçu mübarizə aparacaq. O deyib: “Azərbaycanda idmana böyük maraq var. Ən başlıcası isə ölkənizdə idmana və idmançılara yüksək dövlət qayğısı var və bu da idmanın inkişafı üçün əsas amildir. Bilirik ki, Bakıda güclü idmançılarla qarşılaşacağıq. Bizim idmançılar da yaxşı hazırlaşıblar. Hələlik kimin güclü olduğunu deyə bilmərəm. Amma qoy güclü olan qalib gəlsin”.

Gürcüstanda “Bakı-2015” ilk Avropa Oyunlarında qalib gələcək idmançılar üçün xüsusi mükafatlar nəzərdə tutulub. Birinci yeri tutan idmançıya 68 min lari (təqribən 33 min 500 dollar), ikinci yerin sahibinə 51 min lari, üçüncü yerin sahibinə isə 34 min lari mükafat veriləcək. Birinci yeri tutan komandaya 270 min lari, ikinci yeri tutan komandaya 204 min lari, üçüncü yerin sahibi olacaq komandaya isə 136 min lari mükafat veriləcək.


Müəllif:

Oxşar xəbərlər