14 İyun 2015 20:29
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 14-də Bilgəh çimərliyində birinci Avropa Oyunlarında triatlon yarışı başa çatıb.

Teleqraf.com xəbər verir ki, iyunun 14-də kişilər arasında keçirilən yarışda Azərbaycan triatlonçusu Rostislav Pevtsov 1 saat 49 dəqiqə 4 saniyəlik nəticə ilə mübarizəni üçüncü sırada başa vuraraq bürünc medal qazanıb.

Birinci Avropa Oyunlarının çempionu britaniyalı idmançı Benson Qordon olub. O, çempionluğu 1 saat 48 dəqiqə 31 saniyəlik nəticə ilə qazanıb. Portuqaliyalı Joao Silva 1 saat 48 dəqiqə 42 saniyə ilə ikinci yeri tutub.

Çempion Benson Qordon “Rio-2016” Yay Olimpiya Oyunlarının triatlon yarışında birbaşa iştirak etmək hüququ qazanıb.

Kişilər arasında triatlon yarışında 58 idmançı mübarizə aparıb. Azərbaycanı yarışda Rostislav Pevtsovla yanaşı, Aleksandr Yatçenko da təmsil edib.

Yarışın birinci mərhələsində - üzgüçülük yarışında idmançılar 1500 metr məsafə qət ediblər. Bu mərhələdə ən yaxşı nəticələri slovakiyalı Varga Riçart (19 dəqiqə 25 saniyə), rusiyalı Dmitri Polyanski (19 dəqiqə 31 saniyə) və ispaniyalı Francesk Qodoy (19 dəqiqə 31 saniyə) başa vurublar. İdmançılarımızdan Rostislav Pevtsov birinci mərhələdə 20 dəqiqə 12 saniyəlik nəticə ilə 19-cu sırada qərarlaşıb.

İkinci mərhələdə atletlər velosipedlə hər birinin uzunluğu 6,6 kilometr olan 6 dövrədə yarışıblar. Bu mərhələdə slovakiyalı Riçard Varga birinci, lüksemburqlu Bob Haller ikinci, türkiyəli Jonas Skhomburq üçüncü olublar. Dövrənin sonunda onlar sonuncu mərhələyə - qaçışa başlayıblar. İdmançılar sonuncu - qaçış mərhələsində hər biri 3,3 kilometr olmaqla 3 dövrə vuraraq yarışı başa çatdırıblar.

Sonra qaliblərin mükafatlandırılması mərasimi olub. Monako Olimpiya Komitəsinin prezidenti, Monako Knyazlığının Şahzadəsi II Albert medalları qaliblərə təqdim edib.

Beləliklə, Rostislav Pevtsov Bilgəh çimərliyində keçirilən kişilər arasında triatlon yarışında ona göstərilən etimadı doğruldub. Məşqçisi və komanda yoldaşları triatlon yarışında Azərbaycana medal gətirməyə ən real namizəd kimi məhz onu görürdülər. Çünki reytinq cədvəlində 9-cu sırada qərarlaşan Azərbaycan idmançısı Rostislav Pevtsovdan yüksək nəticə gözləmək olardı. O, ötən il Macarıstanda keçirilmiş dünya kuboku yarışlarında ikinci olub. Ötən il Hollandiyada keçirilmiş Avropa çempionatındakı estafet yarışında isə Azərbaycanın birincilik qazanmasına kömək edib. Rostislav Pevtsov 2002-ci ildən yarışlara başlayıb. Ötən ildən Azərbaycan milli komandasında çıxış etməyə başlayan triatlonçu R.Pevtsov Asiya kubokunda ikinci, 2011-ci ildə Türkiyədə keçirilən Avropa çempionatında isə üçüncü yeri tutub. Bundan başqa, Rostislav Pevtsov velosiped və üzgüçülükdə çox güclüdür və buna görə onun da qalib gəlməsi gözlənilən idi.

Yarışda digər komandalardan portuqaliyalı Joao Pereyra, ispaniyalı Fernando Alarza, rusiyalı Aleksandr Bryuxankov və Dmitri Polyanskin qızıl medala əsas namizəd hesab olunurdu.


Müəllif:

Oxşar xəbərlər