“Əl-Cəzirə Türk” televiziyasının saytında ilk Avropa Oyunları ilə bağlı məqalə dərc olunub.
Publika.az xəbər verir ki, Bakıda olan “Əl-Cəzirə”nin idman redaktoru Əhməd Sivaslı “Oyunlar Azərbaycanda nəyi dəyişdirdi?” başlığı ilə araşdırma aparıb.
“Azərbaycanın paytaxtı Bakı tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarına ev sahibliyi edir. Bu, Azərbaycanda indiyə qədər təşkil olunan ən böyük idman yarışıdır”, - deyə məqalədə qeyd olunur.
Müəllif yazır ki, Cənubi Qafqazın ən böyük ölkəsi son illərdə idmana yatırdığı investisiyalarla diqqət çəkir: “2002-ci ildən indiyə qədər Azərbaycanda 36 beynəlxalq turnir keçirilib. Gələn il Formula 1, iki il sonra 57 ölkənin qatıldığı İslam Həmrəylik Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının üç qrup oyunları və yarımfinal oyunlarından biri Bakıda reallaşacaq. Dünyanın ən yaxşı klublarından olan “Atletico Madrid” formasının üzərində “Azərbaycanı zirayət edin” sözlərinin yazılması da idmanın gücündən istifadə edərək həm turizmin inkişafına nail olmaq, həm də ölkənin beynəlxalq tədbirlərin təşkil edilməsi gücünə malik olduğunu sübut etmək məqsədi daşıyır. Azərbaycan əhalisinin sayı 9,5 milyondur. Turizm nazirliyinin məlumatına görə, ötən il Azərbaycana 3 milyon turist gəlib. Bu ilin sonuna kimi həmin rəqəmin 10 dəfə artacağı gözlənilir”.
Ə. Sivaslı Bakıda Azərbaycanın turizm agentlərindən birinin rəhbəri Ruslan Quliyevlə də görüşüb.
R. Quliyev turistlərin sayının əvvəlkindən daha çox olduğunu bildirib.
“Avropa Oyunları Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Bu oyunların həm ölkənin tanıdılması, həm turizmin inkişafına böyük təsiri var. Avropa Oyunları Azərbaycan turizminin inkişafını 6-7 il qabağa atdı. İnfrastruktur inkişaf etdi, yollar düzəldi, əyləncə mərkəzləri, otellər açıldı. Gələn qonaqlara, idmançılara Azərbaycanı tanıtmaq bizim üçün çox vacib məsələdir. Bu, mədəniyyətimizi təbliğ etmək üçün də çox önəmlidir. Azərbaycan təkə Bakıda ibarət deyil. Digər rayonlar da çox gözəldir və bura dünyaya açılan yeni turizm qapısıdır. Mədəniyyət və Turizm Nazirliyinin təlimatı ilə hər kəs üçün şəhər kənarına qısa turlar təşkil olunur. Hər kəsi qonaq kimi qarşılayırıq. Xidmət səviyyəsi də yüksəkdir”, - deyə R. Quliyev vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda otel biznesi sürətlə inkişaf edib: “5 il öncə 200-300 otel var idi. İndi isə otellərin sayı 500-dən çoxdur. Hazırda 40-dan çox otelin inşası da davam edir. Turizm agentlərinin də sayı artıb. Əhalisi 10 milyona yaxın olan bir ölkə üçün bu göstərici yaxşıdır. Biz bu il mövsümün sonuna kimi 3 milyon turist gözləyirik. Lakin biz rəqəmdən çox keyfiyyətə önəm veririk. Yalnız Bakı deyil, Qəbələ, Gəncə, Lənkəran, Naxçıvan kimi əhəmiyyətli mədəniyyət mərkəzlərimiz var. Azərbaycan idman oyunlarının təşkilində dünyaya çox gözəl bir nümunə olacaqdır. Biz Azərbaycanı Avropanın idman paytaxtı etmək istəyirik”.
Bakı Avropa Oyunları Təşkilat Komitəsinin (BEGOC) İdarə Heyətinin üzvü Elçin Səfərov isə oyunların yayımlanması üçün 60 telekanalla müqavilə imzalandığını deyib: “Oyunlar 100-dən çox ölkədə canlı yayımlanır. Azərbaycanın ən çox önəm verdiyi məsələlərdən biri də bu oyunlar zamanı ölkənin təbliğinin aparılmasıdır. Olimpiya Stadionunun yaxınlığında atletlər və media kəndi yeni inşa olunub. Atletlər kəndində 3755, Media kəndində isə 1464 otaq var. Oyunlar 12 idman obyektində keçirilir. Bu obyektlərdən 5-i yeni inşa olunub”.
E. Səfərov Avropa Oyunlarının Azərbaycana verdiyi xeyirlərdən birinin təhsil olduğunu deyib: “Oyunların təşkili üçün minlərlə gənc öyrədildi. Gələcəkdə digər turnirlər keçiriləndə hazırlığımız daha yüksək səviyyədə olacaq, kadr problemi yaşamayacağıq”.
Onun sözlərinə görə, gələcəkdə Azərbaycanda keçiriləcək idman turnirləri zamanı yeni obyektlərin inşasına da ehtiyac olmayacaq.
“Oyunlar Azərbaycanın turizminə də təsir edəcək. Turizmdə yüksəlişi iki, ya üç il sonra açıq şəkildə görə biləcəyik”, - deyə o vurğulayıb.