“Texniki səhvimə görə qələbəni əldən verdim. Müntəzəm atış həyata keçirsəydim, bəlkə də bu cür nəticə əldə etməzdim”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında kamandan oxatma üzrə kişilər arasında fərdi 1/32 seçmə mərhələsindən məğlub ayrılan Taras Senyuk deyib.
Lüksemburq təmsilçisi Cef Henkels ilə yarışda son mərhələyə qədər bərabər addımlayan Azərbaycan təmsilçisi 5-ci setdə 2 xalla rəqibinə uduzub.
O, məğlubiyyətinin səbəblərini belə açıqlayıb: “Çox həyəcanlandım və son anda yaxşı atış həyata keçirə bilmədim. Deməzdim ki, mənim uduzduğum 2 xala görə komandamıza zərbə gələcək. Tamaşaçılara çox təşəkkürümü bildirirəm, onlar gəlib bizi dəstəkləyirlər”.
T.Senyuk Avropa Oyunlarının təşkilati işlərinin yüksək səviyyədə görüldüyünü deyib: “Kamandan oxatanlar üçün yaradılmış şəraitdən bütün idmançılar razı qaldı. Atletlər Kəndindəki şəraitdən, qidalanmadan çox razıyıq”.
O, sabah 1/16 final mərhələsində qadınların fərdi yarışında yarışacaq həyat yoldaşı Olqa Senyukla bağlı proqnozunu da açıqlayıb: “Mən uduzsam da, inanıram ki, həyat yoldaşım inamlı qələbə qazanacaq və növbəti mərhələyə keçəcək”.
Nərgiz