“Bakı-2015” birinci Avropa Oyunlarında kişilər arasında su polosu yarışları başa çatıb. Birinci Avropa Oyunlarının qalibi adını Serbiya milli komandası qazanıb.
AZƏRTAC xəbər verir ki, Serbiya millisi finalda İspaniya yığması ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə serbiyalılar 8:7 hesabı ilə qalib gələrək qızıl medallara sahib olublar.
Bürünc medal uğrunda mübarizədə isə Yunanıstan milli komandası 11:10 hesabı ilə Xorvatiya yığması üzərində qələbə qazanaraq üçüncü yeri tutub.
Yarışların sonuncu günündə 5-6-cı yerlər uğrunda görüşdə İtaliya millisi Rusiya yığmasını 11:6 hesabı ilə məğlub edib. Bundan başqa, 7-8-ci yerlər uğrunda qarşılaşmada isə Macarıstan komandası Almaniya üzərində 15:6 hesabı ilə qələbə qazanıb.
Kişilər arasında su polosu yarışlarında sonrakı yerləri müvafiq olaraq, Monteneqro, Fransa, Slovakiya, Rumıniya, Türkiyə, Azərbaycan, Ukrayna və Malta kollektivləri tutub.