“Bakı-2015” birinci Avropa Oyunlarının bədii gimnastika yarışlarında rekord göstəriciyə imza atan rusiyalı atlet Yana Kudryavtseva “sports.ru” portalına müsahibəsində Oyunlarla bağlı öz təəssüratlarını bölüşüb.
Lent, top, həlqə ilə hərəkətlərdə, eyni zamanda, çoxnövçülükdə qızıl medal qazanan dünya çempionu Bakıda hər şeyin yüksək səviyyədə təşkil edildiyini deyib. “Azacıq səhvləri nəzərə almasaq, çıxışımdan razıyam. Xüsusilə də, həlqə ilə hərəkətlər yaxşı alındı. Yarışlarda rəqabət güclü idi. Bir səhv səni birinci yerdən məhrum edə bilərdi. Bakıda rekordçu olacağımı gözləmirdim. Onu da qeyd edim ki, elə bu şəhərdə keçirilən son Avropa çempionatında anam çıxışlarımı canlı izləmişdi. Lakin həmin yarışda top əlimdən düşdü. O vaxtdan etibarən anam çıxışlarıma canlı baxmır”, - deyə gimnast bildirib.