Sambo Federasiyasının baş katibi: "Samboçularımız noyabrda keçiriləcək dünya çempionatına hazırlaşır"
"Bakı-2015" I Avropa Oyunlarının on birinci günü Heydər Əliyev adına İdman Sarayında keçirilən sambo yarışlarında idmançılarımız 8 dəst medal uğrunda mübarizə apardılar. Azərbaycan samboçuları İslam Qasımov, Nəzakət Xəlilova, Amil Qasımov və Vasif Səfərbəyov gümüş medal qazandılar.
Azərbaycan Sambo Federasiyasının (ASM) baş katibi, əməkdar məşqçi Ramil Mahmudov və gümüş medal qazanan kişi samboçularımızın yarış təəssüratlarını öyrəndik.
Ramil Mahmudov bildirdi ki, bu yarışlara ASM-in həm kişi, həm də qadın idmançılarından 4 çəki dərəcəsində 8 samboçu qatılıb: "4 qız 4 oğlan yarışdı, onlardan 74 kiloqramlıq çəki dərəcəsində Amil Qasımov, 57 kiloqramlıq çəki dərəcəsində İslam Qasımov, 100 kiloqramlıq çəki dərəcəsindən yuxarı rəqibi ilə yarışan Vasif Səfərbəyov və 52 kiloqramlıq norma üzrə Nəzakət Xəlilova ikinci yeri tutdular. 68 kiloqramlıq çəki dərəcəsində dünya kuboku yarışlarında üçüncü yerə çıxan Nərminə Əlizadə üçüncü yerə, 60 kiloqram çəki dərəcəsində Şəhanə Hüseynova və 90 kiloqramda Kənan Qasımov beşinci yerdə, qalanları isə səkkizinci yerdə qərarlaşdılar".
Samboçu yarışçılarımızın bu dəfə qızıl medala sahib olmamalarından təəssüflə danışan əməkdar məşqçi bildirdi ki, dünya çempionları olan Amil Qasımov və İslam Qasımovdan gözləntiləri çox olub: "İslam gözlədiyimiz nəticədən zəif güləşdi, amma Amilin çıxışı məni qane etdi, sadəcə, ayağından zədə aldığı üçün rəqibi ağrıdıcı fənddən istifadə edib onu məğlub etdi".
Ramil Mahmudov federasiyanın prezidenti Ceyhun Məmmədovun sambo tarixində ilkə imza atdığını da vurğuladı: "Bildiyiniz kimi, dövlət başçısının əməyi sayəsində sambo yarışları ilk Avropa Oyunlarına daxil edildi. Ona görə də Beynəlxalq Sambo Federasiyası İcraiyyə Komitəsinin qərarı ilə ona bu günlərdə çempion kəməri təqdim olundu.
Həmin tədbirdə Federasiyanın prezidenti Vasili Şestakov hamımıza qürur verən bir fikir bildirdi. Dedi ki, sizin çox məşhur - 7 dəfə dünya çempionunuz Ceyhun Məmmədov sambonun əfsanəsidir. Buna görə də o, Beynəlxalq Federasiyanın ən yüksək mükafatına, tarixdə cəmi bir idmançıya verilən - Qızıl nişana layiq görülüb.
Ceyhun Məmmədovu mən kiçik yaşlarından tanıyıram. O, Ağdam məktəbinin yetişdirməsi, 7 qat dünya, 6 qat Avropa çempionudur. XX əsrin sambo ulduzu adını alıb, ən yaxşı samboçular onluğuna daxil olub, polis polkovnikdir və Azərbaycan Sambo Federasiyasının rəhbəridir. Bunu sadalamaqda məqsədim odur ki, Ceyhun Məmmədovun sambo idmanının inkişafına xüsusi diqqət və qayğısı var".
ASF-nin qarşıdakı hədəflərindən danışan baş katib dedi ki, İlk Avropa Oyunlarından sonra idmançıları qarşıda bu ilin noyabr ayında Mərakeşdə keçirilən dünya çempionatı gözləyir və idmançılar bu yarışlarda iştiraka hazırlaşacaq: "2017-ci ildə isə komandamız ölkəmizdə keçiriləcək İslam Həmrəyliyi oyunlarına qatılacaq. Əsas hədəfimiz bu oyunlarda yüksək nəticələr göstərməkdir. Qələbəmizə də ümidlərimiz də böyükdür".
İslam Qasımov yarış təəssüratları ilə bağlı bildirdi ki, ani səhv üzündən qızıl medala çata bilməyib: "Azərbaycan xalqını cənab Prezidentimiz başda olmaqla sevindirmək istəyirdim, amma təəssüf ki, mümkün olmadı. Qarşıda bizi gözləyən dünya çempionatında iştirakda bu qələbə qazanmağa var-qüvvəmlə çalışacam"
Yarışın çox yüksək səviyyədə keçdiyini bildirən Vasif Səfərbəyli isə dedi ki, gələcək planları ölkəmizi bundan sonra da yarışlarda daha yüksək səviyyədə təmsil etməkdir.
Amil Qasımov yarışa çox ciddi hazırlaşdığını və qızıl medal uğrunda güləşsə də, zədə alması səbəbindən qızıl medala sahib ola bilmədiyini qeyd etdi: "Çox təəssüf ki, finala çıxanda topuğumdan zədə aldım, ayağımı gips sarğısı ilə sarıdılar. Çox çalışdım ki, bu sarğı görünməsin. Amma rəqibim ayağımın sarığını görmüşdü deyə, güləşəndə həmin ayağım tərəfdən hücum etdi, ağrıdıcı fənd işlətdi, çox çalışdım ki, dözüm, amma 30 saniyəyə qədər dözə bildim. Hiss etdim ki, ayağım tamamilə heysizləşib, ayağımı yerə basmağa belə taqət qalmamışdı. Rəqib ağrıdıcı fəndlə qələbəni götürdü".
Rəqibi ilə iki ay bundan qabaq dünya kubokunda qarşılaşdığını və onu 5:1 hesabı ilə məğlub etdiyini deyən Amil Qasımov bildirdi ki, aldığı zədə fürsət versəydi, bu dəfə də belarus idmançısına qalib gələcəyinə əmin olub: "O idmançı ilə yarışlarda dəfələrlə görüşmüşük. İdmançının bilərəkdən ayağıma təpik atdığına görə sonradan üzrxahlıq jesti etdi, oyundan sonra da üzr istədi".
Zədəsinin ağır dərəcəli olub-olmamasına gəlincə idmançı bildirdi ki, ayağı hazırda sarğıdadır və həkim nəzarətindədir: "Ümid edirəm ki, tezliklə bərpa olunacaq".
Sevil Hilalqızı