Türkiyənin əksər kütləvi informasiya vasitələri Birinci Avropa Oyunlarının bağlanış mərasimi ilə bağlı reportajları “Avropa Oyunlarına möhtəşəm mərasimlə yekun vuruldu” başlığı ilə yayımlayıblar.
Trend-in məlumatına görə, reportajlarda mərasim ən xırda detallarına qədər şərh olunub.
Türkiyənin Anadolu Agentliyi yazır ki, mərasimə dəvət olunmuş musiqi qrupu Clean Bandit, pop ulduzu John Newman və DJ Gareth Emery tamaşaçıların böyük alqışını qazanıb: “6 min insanın çalışdığı bağlanış mərasiminin rejissorluğunu məşhur amerikalı rejissor Ceyms Hedli öz üzərinə götürmüşdü. Mərasimdə 10 min fişəng, 2 mindən çox işıqlandırma cihazından istifadə edilib”.
Türkiyənin sondevir.com saytı isə diqqəti bağlanış mərasiminin fəxri qonaqlarına yönəldərək Bolqarıstan prezidenti Rosen Plevneliyev, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, müxtəlif ölkələrin parlamentlərinin başçıları, nazir səviyyəsindəki səlahiyyətlilər və olimpiada komitələri başçılarının fəxri qonaqlar sırasında olduqlarını qeyd edib.