29 İyun 2015 22:15
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 28-də Berlinin tarixi məkanlarından olan “Kunztschule” qalereyasında 400-dən artıq qonaq, onlar üçün quraşdırılmış böyük monitor vasitəsi ilə möhtəşəm I Avropa Oyunlarının bağlanış mərasiminin şahidi oldu.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Almaniyadakı Nümayəndəliyi tərəfindən təşkil olunmuş tədbirdə iştirak edən ictimai-siyasi xadimlər, o cümlədən diplomatik korpusun nümayəndələri, Almaniya Parlamentinin üzvləri „Bakı-2015“ I Avropa Oyunlarının uğurla həyata keçirilməsindən və füsunkar bağlanış mərasimindən çox təsirləndiklərini bildirdilər.

Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov ilk Avropa Oyunlarının təşkili üçün Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya , eləcə də, Milli Olimpiya komitəsinə təşəkkürünü bildirdi. Diplomat məlumat verdi ki, I Avropa oyunlarının keçirilməsi barədə qərar 2012-ci ildə verilib. Bir ildən sonra bu möhtəşəm tədbirə ev sahibliyi etməsi üçün Azərbaycanın paytaxtı seçildi. Azərbaycan xalqı bu qərarın qəbul olunmasından qürur hissi keçirirdi. Səfir Azərbaycan idmançılarının yarışlarda medal sayına görə ikinci yerə yüksəldikləri üçün onlara öz minnətdarlığını bildirərək, bu zəfəri tarixi nailiyyət kimi dəyərləndirdi.

Almaniya Parlamentinin üzvü Tobias Zek cəmi iki il yarım müddətə möhtəşəm Avropa Oyunlarının təşkilində Azərbaycanın göstərdiyi nailiyyəti yüksək dəyərləndirdi. 12-28 iyun tarixlərində Bakıda keçirilən I Avropa Oyunları böyük uğur idi və bu kontinental oyunların gələcəkdə digər ölkələrdə keçirilməsi üçün dönüş nöqtəsi idi. Millət vəkilinin sözlərinə görə, idman Avropa ölkələri arasındakı münasibətlərin gücləndirilməsində yaxşı bir vasitə ola bilər.

TEAS-ın Almaniya nümayəndəliyinin rəhbəri Şahin Nemati “Bakı - 2015“ Avropa Oyunlarını belə təsvir etdi: ”Öz müstəqilliyini 24 il bundan əvvəl qazanmış gənc dövlətimiz üçün bu tarixi əhəmiyyətə malik hadisə idi. Yəqin ki, o zaman bu miqyasda bir tədbirə ev sahibliyi edəcəyimizin mümkünlüyünü belə düşünə bilməzdik. Lakin ölkəmizin iqtisadi inkişafı və insan resurslarından əminliyimiz bu məqsədə nail olmamızı mümkün etdi. Avropa Oyunları Azərbaycan-Avropa münasibətlərinin inkişafı istiqamətində daha bir uğurlu addım idi və eyni zamanda Azərbaycanın Avropanın idman tarixinə verdiyi töhfələrdin biridir.“

Qeyd edək ki, tədbirdən hazırlanmış reportaj „TV Berlin“ kanalımda da yayımlanacaq.


Müəllif:

Oxşar xəbərlər