21 Oktyabr 2016 17:18
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstər real, istərsə də virtual həyatda insanlar tez-tez öz komplekslərini büruzə verirlər. Həmçinin sosial şəbəkələr yaranandan sonra insanlar bütün hisslərini – darıxmaqlarını, qəzəblərini, depressiv durumlarını , kompleklərini burda nümayiş etdirirlər. Bu, bəzən özünü ard-arda şəkil paylaşmaqda, status yazmaqda göstərirsə, bəziləri də paylaşımlarına daha çox bəyəni almaq istəyirlər. Əks halda, daha çox üzülür, darıxırlar. Cəmiyyət üçün zərərli paylaşımları ilə seçilənlər də az deyil…

Psixoloq Dəyanət Rzayev Teleqraf.com-a bu barədə danışıb.

Onun sözlərinə görə, komplekslər insan üzərində aparıcı və idarəedici qüvvəyə malikdir: “Bu kimi komplekslərə də uşaqlıqda travma keçirənlər, uşaqlıqda az diqqət və qayğı görənlər düşürlər. Hətta ən məşhur natiqlərin də belə kompleksi, dil qüsuru olub. Ancaq sonralar öz üzərində işləyərək bu qüsurdan azad olublar. Napoleonda da belə kompleks olub. Həmçinin, boyuna görə kompleks yaşayıb. Boyu 1.72 metr olub, amma yenə də bunu özünə kompleks edib. Çünki Fransa əhalisi hündürboy idi. Diqqət mərkəzində olmaq istəyi, şöhrətpərəstlik insanın təbiətindən irəli gəlir. Bu, demək olar ki, hamıda var. Amma insan yaşlaşdıqca belə şeylər artıq keçib-getməyə başlayır. Kimdə ki keçmir, mən buna infantilizm deyirəm. Uşaqlıqda keçirilmiş travma və əziyyətlərin nəticəsi özünü bu şəkildə göstərir.

Bəzən uşaqlığı, gəncliyi kasıbçılıq içində keçən adam gedib oğurluq eləyir, rüşvət alır. Gedib maşınla adam vurur, bununla şöhrət qazanmaq istəyir. Bunun arxasında dərin bir kompleks dayanır. İnsan doğru tərbiyə alıbsa, ona düzgün şəkildə yanaşma olubsa, bu cür kompleksləri olmur. Diqqət mərkəzində olmaq istəyən adamlar həmişə ailədə sıxılan, alçaldılan adamlar olur. O da böyüyəndə başqalarını alçaltmaq istəyir. Yaranan komplekslər onu idarə etməyə başlayır.

Adamların darıxmağını, komplekslərini sosial şəbəkədə büruzə verməsi onun gedib cinayət törətməyindən, dalaşmağından yaxşıdır. Adam öldürməkdənsə qoy elə feysbuk qəhrəmanı olsun. Ancaq ən yaxşısı idmanla məşğul olmaqdır.

Ümumiyyətlə, iki instinkt var: özünəqoruma və seksual instinkt. Bunlar da bir-biriylə bağlıdır. İnsanın itirməyə heç nəyi olmayanda ölümə getməyə belə razı olur. Ölümə gedənlər – kamikadzelər daha çox dini fanatlar olur. Onlar fikirləşir ki, o dünya daha yaxşıdır və özlərini öldürməklə öz qiymətlərini tapacaqlar, cənnətə düşəcəklər. Bu da savadsızlıqdan, cahillikdən irəli gəlir. Bu, ruhi pozuqluqla bağlıdır və xəstəlik hesab olunur.

Sosial şəbəkələrdə ən zərərli paylaşım aqressiv paylaşımlardır. Hamilə qadınlar oturub televiziyada, ya sosial şəbəkələrdə aqressiv şeylərə baxır və uşağın genetik proqramına təsir edir. Məsələn, polis zorakılığını göstərən bir video çəkib paylaşırlar ki, o polisi qınasınlar. Bunu edənlər bundan ləzzət alır. Nəticədə bu kimi şeylər adi hala çevrilir. Təhqir etmək, döymək, alçaltmaq bu gün adi hal hesab olunur. Bu gün Azərbaycan cəmiyyətində deqradasiya meyilləri var Həmçinin ayrı-ayrılıqda insanların daxilində də belə mənfi hallar baş verir”.

Sevinc


Müəllif:

Oxşar xəbərlər