9 Aprel 2017 09:19
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun inşasının davam etməsinə baxmayaraq, Ermənistan mətbuatı hələ də İranın bu ölkəyə dəmir yolu çəkəcəyini yazır.

İşğalçılıq siyasəti nəticəsində yaxın qonşuları ilə ziddiyyətli münasibətlərdən yaranan dərin iqtisadi böhran Ermənistan hakimiyyətini vadar edir ki, uydurma layihə ilə ictimaiyyəti sakitləşdirsin. Guya bu yol çəkildikdən sonra İran yüklərini Ermənistan üzərindən daşıyacaq və büdcəyə tranzit gəlirlər daxil olacaq.

İrandan Ermənistana dəmir yolunun çəkilməsi ideyası 2008-ci ildə prezident Serj Sarkisyan tərəfindən ortaya atılmışdı. Hətta birgə işçi qrup da yaradılmışdı ki, layihə üzrə texniki əsaslandırma aparıb dövlət başçılarına təqdim etsin. Bu işçi qrupun Tehranda və Yerevanda bir neçə iclası da keçirildi. Məhz bu iclasların keçirilməsi Ermənistanın qeyri-ciddi dövlət olmasını və ümumiyyətlə, ölkənin dəmir yollarının idarəçiliyinin rəsmi Yerevanın əlində olmadığını ortaya qoydu.

S.Sarkisyanın ideyası isə elə ideya olaraq havadan asılı vəziyyətdə qaldı. İran minillik dövlətçilik ənənəsinə sahib olduğu üçün bu məsələ erməni rəsmiləri tərəfindən səsləndiriləndə onun üzərindən sükutla keçir.

Məsələnin əsl mahiyyəti isə ondan ibarətdir ki, layihə üzrə İran-Ermənistan əməkdaşlığı səmərəsiz olduğu kimi də faydasızdır. Çünki Ermənistan korrupsiyalaşmış dövlətdir və özünün heç bir faydalı qazıntıları yoxdur. İran ilə Ermənistan arasındakı dəmir və avtomobil yolları beynəlxalq investorlar üçün heç bir əhəmiyyət kəsb etmir. Ermənistanın sərhədləri başqa dövlət tərəfindən qorunur, dənizə çıxışı yoxdur, iqtisadi böhran yaşayır və qonşusu Azərbaycanla müharibə vəziyyətindədir. Bunlardan başqa, Ermənistan yüklərin tranzit daşınması üçün infrastruktura malik deyil. Ölkənin dəmir yolları sovet dövründə nə vəziyyətə idisə o vəziyyətdə də qalıb.

Belə olan halda qeyd olunan layihəyə beynəlxalq sərmayəçiləri cəlb etmək nəinki çətindir, hətta mümkün deyil. Hər halda ideyanın ortaya çıxdığı 2008-ci ildən bu günə kimi - yəni, ötən 9 ildə heç bir beynəlxalq səviyyəli bank, investisiya şirkəti və dövlət bununla maraqlanmayıb.

Bütün bunları nəzərə alaraq, Ermənistan mətbuatının İran ilə dəmir yolu çəkiləcəyi haqqında yazmasını növbəti iqtisadi mifdən başqa bir şey adlandırmaq olmaz.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması istiqamətində isə işlər sürətlə davam edir. Artıq Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xətti istifadəyə verilib və Bakıdan çıxan yüklü qatarlar İrana və əks istiqamətə yük daşıyırlar. Azərbaycanın maliyyə vəziyyəti Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsinin çəkilişinə də sərmayə qoymaq imkanı verir.

Rusiya da bu layihəyə ciddi maraq göstərir. Bu dəhlizin Hindistanla Avropanı birləşdirmək imkanı var. İqtisadi baxımdan səmərəli olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi İran, Azərbaycan və Rusiyanı yaxınlaşdırmaqla yanaşı, onların siyasi təhlükəsizliyinə də təminat verəcək.

Ermənistan isə SSRİ dağıldıqdan sonra regionda reallaşan bütün beynəlxalq iqtisadi layihələrdən necə kənarda qalıbsa bu dəfə də kənarda qalacaq.


Müəllif:

Oxşar xəbərlər