ABŞ prezidenti S.Lavrovla görüşdə Ukrayna mövzusuna da toxunub. O qeyd edib ki, ABŞ bu ölkədə münaqişənin həllində maraqlıdır və Rusiya Minsk razılaşması çərçivəsində öhdəliyini tam yerinə yetirməlidir. “Tramp Yaxın Şərqdə və digər regionlarda münaqişələrin həllində Rusiya ilə daha geniş əməkdaşlığın mümkünlüyü barədə danışıb. Prezident həmçinin ABŞ və Rusiya arasında daha yaxşı münasibətlər qurmaq istədiyini vurğulayıb”, - Ağ Evin məlumatında bildirilir.
S.Lavrovun səfərini və keçirdiyi görüşləri şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu Rusiya xarici işlər nazirinin Vaşinqtonda amerikalı həmkarı Reks Tillersonla və Prezident Donald Trampla görüşdən razı ayrıldığnı bildirib.
Onun sözlərinə görə S.Lavrov hətta qeyd edib ki, indikilər Barak Obama administrasiyasından daha səmimidirlər: “Donald Tramp Suriya və Şimali Koreya iqtiqamətində əzələ nümayiş etdirdi, “buralarda mən də varam” dedi, ancaq ardını gətirmədi, nəsə yarımçıq qaldı. Bəlkə də indiki vəziyyətdə hamı üçün elə belə yaxşıdır. Trampa anlatdılar ki, uzaq istiqamətlərdə fəaliyyət göstərmək, o cümlədən Çin və Rusiya ilə mübarizə aparmaq üçün konsepsiya lazımdır. Elə Lavrovun Vaşinqtona dəvət olunması da administrasiyanın formalaşdırdığı yeni konsepsiyanın tərkib hissəsidir. Bu iki ölkə arasında yaxınlaşma deyil, sadəcə nəbz yoxlamasıdır, gərginliyin azaldılmasına ehtiyac var. Sonrası maraqlı olacaq”.
Səxavət