29 İyul 2017 00:19
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya siyasətinin mərkəzi olan Amerikada daxili siyasi müzakirələr, prezident Donald Trampla bağlı medianın və müxtəlif siyasi dairələrin apardığı iş diqqət mərkəzindədir. Xüsusilə, Konqresin Nümayəndələr Palatasının Trampın siyasətinə əks olaraq Sanksiyalar haqqında qanun layihəsini qəbul etməsi, eləcə də Senatın “Obamacare” kimi tanınan səhiyyə sisteminin ləğvini nəzərdə tutan yeni qanun layihəsini rədd etməsi yeni administrasiyanın vəziyyətinin ürəkaçan olmadığını göstərir. Son rəy sorğularına görə, indi ABŞ-da prezidentin populyarlığı 35-36 faiz həddindədir, bu ilin yanvarı ayı ilə müqayisədə xeyli geriləyib. Beləliklə yenidən Trampın prezidentik müddətini başa vurmadan bu postdan gedə biləcəyi haqda fikirlər ortaya çıxıb.

Bəs Donald Trampın hakimiyyətdən əl çəkməsi və ya impicment edilməsi haqda iddialar nə dərəcədə mümkündür?

Siyasi icmalçı Elxan Mehdiyev bu iddia və proqnozları ciddiyə almır.

Mütəxəssis Teleqraf.com-a açıqlamasında deyib ki, Tramp hakimiyyətə gəlməzdən əvvəl və gəldikdən sonra ona qarşı hərtərəfli kampaniya aparılır.Onun sözlərinə görə, əsas kampaniyanı media aparır: “Xüsusilə, demokratların nəzarətində olan media, habelə Trampı qəbul etməyən dairələr və Respublika Partiyası daxilində müəyyən qüvvələr tərəfindən iş aparılır. Daha doğrusu Trampın şəxsiyyətini və siyasətini qəbul etməyən fəaliyyət tendensiyası müşahidə edilir. Fikrimcə, “Obamacare”nin Senat tərəfindən dəstəklənməsinə də bu baxışdan yanaşmaq lazımdır. Üstəlik respublikaçıların ən nüfuzlu 3 senatorun səsi ilə qanun layihəsi müdafiə edilib. Onlardan biri də məşhur siyasətçi Makkeyndir. Eyni zamanda bu məsələdə təkcə Trampa qarşı durmaq deyil, eyni zamanda seçicilərin rəyi əsas rolu oynayır. ABŞ demokratik ölkə olduğundan seçilmişlər seçicilərindən asılıdır. Nəzərə alın ki, “Obamçacare”dən yararlanan çoxlu sayda ABŞ vətəndaşları var. Odur ki, demokrat və respublikaçı senatorlar bu vətəndaşları və seçiciləri də nəzərə almalı olublar”.

Elxan Mehdiyev hesab edir ki, Trampın ABŞ cəmiyyətində nüfuzunun aşağı düşməsi haqqında iddiaları birtərəflidir: “Baxın, seçkilərdən öncə Tramp və Klinton arasındakı fərqi 20 faiz göstərirdilər. Lakin ən yaxşı halda bu 10 faiz idi. Tarix göstərdi ki, bunların hamısı yalançı rəy sorğulardır. İndiki halda bu sorğular şübhə altındadır. Lakin Trampın xalq arasında populyarlığının 60 faiz olduğunu da demək çətindir”.

Mütəxəsis qeyd edib ki, indiyə qədər prezident Tramp Respublikaçılar Partiyasında 82 faiz dəstəyə malik olub, lakin sonda 3 senatorun ona qarşı səs verməsi faktı var: “Onların nüfuzlu senatorlardır və bu faktiki olaraq Trampın partiyada nüfuzunun aşağı düşməsini göstərir. Bu isə arzu edilən durum deyil. Bu faktiki olaraq siyasi proseslərdə prezidenti çətin vəziyyətə sala bilər”.

Müsahibimiz indi Trampın impicment ehtimalının olmadığını vurğulayıb: “Bunun üçün Senat və Konqres demokratların əlində olmalıdır. Ancaq belə bir hal yoxdur. Başqa sözlə, prezidentin impicment etmək üçün əsaslar yoxdur. Çoxları düşünür ki, prezidentin oğlu, kürəkəni və digər yaxınlar “Rusiya izinə” görə Konqresə dəvət edilirsə, deməli bunun ardı gələcək. Lakin unutmayaq ki, bu dinləmələr adi prosesin bir hissəsidir və şəffaflığın göstəricisidir. Ora başqa ölkə deyil ki, hər şey örtülü şəkildə həll edilsin. Bu dinləmələr Amerika demokratiyasının bir hissəsidir. Başqa sözlə, xalq qarşısında hesabatdır. Dinləmələrdə insanlar öz ifadələrini verirlər”.

Sonda E. Mehdiyev qeyd edib ki, “Rusiya izi” məsələsini xüsusi prokuror Robert Müller araşdırır: “Xüsusi prokurorun hesabatı başa çatana qədər sağdan, soldan anti - Tramp hərəkətləri, vəziyyətdən sui-istifadə halları olacaq. Prokuror hesabatını ortaya qoyandan sonra bu məsələlər aydınlaşacaq. Əgər xüsusi prokurorun raporu Trampın əleyhinə olarsa, bu yeni situasiya yaradacaq. Bu, Trampın xeyirinə olmayacaq, əksinə, indi prezidentin əleyhinə gedən kampaniya dərinləşəcək. Lakin indidən Müllerin komissiyası ilə bağlı suallar yaranır. Çünki orada çoxlu sayda Tramp əleyhdarı və Klintonun vəkili olan şəxslər var”.


Müəllif: Cavad

Oxşar xəbərlər