Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, hakim Ədalət və İnkişaf Partiyasının Adanadan seçilən millət vəkili, professor Necdət Ünüvar tarixi İpək Yolunu yenidən canlandıracaq Bakı-Tiflis-Qars dəmir yolunun açılışı ilə tarixi hadisəyə şahidlik edildiyini bildirib.
Teleqraf.com xəbər verir ki, N.Ünüvar Pekini Londona bağlayan layihənin qlobal miqyasda əsrin ən böyük yatırımları arasında yer aldığını bildirib:
“Çin Xalq Respublikasının 2015-ci ildə təqdimatını keçirdiyi “Bir qurşaq, bir yol” layihəsinin bir parçası olan Bakı-Tiflis-Qars dəmir yolu ilə Pekindən qatara minən bir insan Londona birbaşa səfər edəcək. Şimalda yerləşən Rusiya xəttinə nisbətən məsafəni 7 min kilometrədək azaldan bu xətt Pekindən Londona səfəri 33 gün qısaldacaq”.
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri olaraq qatıldığı mərasimdə bütün iştirakçılarla birgə “Dəmir İpək Yolu”nu həyata keçirən ilk səfərə şahidlik etməyin qürurunu və sevincini yaşadığını bildirən N.Ünüvar BTQ-nin ilkin olaraq il ərzində 1 milyon sərnişin, 6,5 milyon ton yük daşıyacağını vurğulayıb: “2034-cü ildən isə bu xətlə 3 milyon sərnişin, 17 milyon ton yük daşınacaq”.
Türkiyəli deputat sonda BTQ-nin başda üç ölkə olmaqla bütün insanlıq üçün xeyirli olmasını arzulayıb.