22 Fevral 2018 09:00
4 576
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Soyuq müharibə” dövründə Berlini Avropanın digər paytaxtlarından fərqləndirən cəhətlərdən biri də burada güclü xüsusi xidmət orqanları agentlərinin fasiləsiz fəaliyyət göstərməsi idi. Divarın iki hissəyə ayırdığı şəhərdə NATO və Varşava Paktı ölkələrinin agentləri bir-birinə qarşı fəaliyyət göstərirdi. İş elə gətirmişdi ki, şəhərin Qliniksk körpüsü Qərb və Varşava bloku ölkələri arasında agentlərin dəyişdirilməsi yeri idi. Elə bu səbəbdən də bu körpü “Agentlər körpüsü” adını alımışdı.

Teleqraf.com xəbər verir ki, Agentlər körpüsündən 15-20 kilometr qərbdə Qrunevlad bölgəsindəki bir villada SSRİ agentləri yerləşmişdi. 1981-ci ildə bu villaya göndərilən məktub isə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) Şərqi Almaniyadakı rezidentinin təəccübünə səbəb olmuşdu. Məktubda “Sizin xeyrinizə işləyə bilərəm” cümləsi yer almışdı.

23 yaşlı agentin fil gedişi – DTK-ya sızdırılan məxfi sənədlər

SSRİ DTK-sının Şərqi Almaniyadakı agentlərinə məktub göndərən şəxs isə Ceymis Hall (James W. Hall) idi. “Soyuq müharibə” dövrünün ən məşhur casuslarından birinin həyat hekayəsi beləcə başlandı. 1957-ci ildə Nyu Yorkda doğulan Hall Berlindəki Amerika Beynəlxalq Təhlükəsizlik Agentliyinə (NASA) aid dinləmə mərkəzinə göndəriləndə cəmi 23 yaşında idi. Dinləmə mərkəzi əslində Teufelsberg adlanırdı. Mərkəz Qərb bloku üçün ən əhəmiyyətli ofis olmaqla yanaşı, Varşava Paktı bloku istiqamətli kəşfiyyat fəaliyyəti üçün qiymətli məkan hesab olunurdu. Üstəlik Teufelsberg mümkün müharibə zamanı xəbərverici ofis statusunu daşıyırdı.

SSRİ DTK-nın belə bir mərkəzdə işləyən casusa sahib olması isə sözsüz ki, strateji məqsəd daşıyırdı. Gənc, peşəkar və bir qədər də özündən razı olan Hall ilə DTK agentləri qısa müddətə əlaqəyə girdi. 23 yaşlı ABŞ agenti isə dəbdəbəli yaşamaq standartlarına sahib olmaq və xəstə oğlunu müalicə xərclərini qarşılamaq üçün DTK ilə işləməyi əvvəlcədən qət etmişdi. Tərəflər görüşüb işləmə şərtlərini razılaşdırdıqdan sonra onların həyata keçirilməsinə start verİLdi.

Türk agent Hüseyn Yıldırım kimdir?

Hall Teufelsberg mərkəzində əldə etdiyi sənədləri DTK agentlərinə satmağa başladı. Bu proses illər boyu, daha dəqiqi, 1983-cü ilə qədər davam etdi. 1983-cü ildən sonra isə Hallın yolu milliyətcə türk olan bir avtomobil təmirçisi ilə kəsişdi.

Hüseyn Yıldırın “Usta” ləğəbi ilə tanınırdı. Əslən Türkiyənin Kırşəhər bölgəsindən idi. Türkiyədə hərbi məktəb oxuduqdan sonra orduya daxil olmuşdu. 1960-cı illərdə Türkiyədə baş verən dövlət çevrilişindən sonra Livan və bəzi Afrika ölkələrində Türk Milli Kəşfiyyat Təşkilatı (MİT) üçün işləmişdi. 1964-cü ildə isə ailəsilə birlikdə Almaniyanın Nürünberq şəhərinə köçmüşdü. Nürünberqdə Yeddinci Amerika Ordusunda təhsil almış, Berlinə köçdükdən sonra isə Andrev Barrak adlı ABŞ hərbi hissəsində avtomobil təmirçisi kimi işləməyə başlamışdı. Ancaq peşəkar kəşfiyyatşı olmağı onun sakit həyat keçirməsinə imkan verməmişdi. Bu səbəbdən də 1975-ci ildə Almaniya Demokratik Respublikasının xüsusi xidmət orqanı olan ŞTAZİ ilə əlaqələr qurmuşdu. ŞTAZİ-də kurs keçəndən sonra ona burada “Blitz” kod adı verildi. Fəaliyyətə başlayar-başlamaz “Blitz” ABŞ hərbi hissəsinin avtomobil xidmətində işləyən 5 nəfərin ŞTAZİ-yə işləməsini təmin etdi.

“Blitz” 1983-cü ildən 1988-ci ilin sonlarına qədər gənc agent Halla ŞTAZİ arasında informasiya mübadiləsini həyata keçirməkdə vasitəçi rolunu oynadı. Bu dövrdə Hall əldə etdiyi informasiyaları DTK ilə yanaşı, ŞTAZİ-yə də satırdı. Türk kəşfiyyatçının vasitəsilə onun ŞTAZİ-yə çatdırdığı məxfi informasiyalar çox əhəmiyyətli idi.

Bunlardan ən əhəmiyyətlisi müharibə zamanı istifadə etmək məqsədilə yaradılacaq elektron müşahidə ilə bağlı idi. Qərb dünyası bunu “Troyan Proyekti” adlandırırdı. Bununla bağlı məxfi sənədlərin ŞTAZİ-nin əlinə keçməsi ABŞ kəşfiyyatı üçün milyonlarla dollar itki demək olacaqdı. ŞTAZİ-yə belə əhəmiyyətli infomasiyalar sızdıran Hall buna görə 5 min dollar və medalla təltif edildi. Hallın məxfi informasiyaları həm DTK, həm də ŞTAZİ-yə satması uzun illər davam etdi.

Hər iki agent 1988-ci ildə Amerikaya köçdü

1988-ci ildə isə həm Hall, həm də “Blitz” Amerikaya köçdülər. Hall Corciya əyalətində məskunlaşdı. Hüseyn Yıldırım isə Almaniyada tanış olduğu Peqqi Bie adlı amerikalı xanımla yaxın əlaqələr qurdu, həyat yoldaşı və uşaqlarını Berlində qoyaraq, bu qadınla Floridada yaşamağa başladı. Hüseyn Yıldırım bu mərhələdə kəşfiyyat fəaliyyəti ilə yanaşı qaçaqmalçılıq işinə də girişdi. Əsasən Sierra Leondan aldığı almazları Qərb ölkələrinə satmağa başladı. Yıldırım ABŞ-a almazlarla gəlmişdi, onları Nyu Yorkda satdıqdan sonra ABŞ-da birdəfəlik qalmaq üçün yollar axtarırdı. Bu məqsədlə Berlində tanıdığı MKİ agenti Armando Paradayı tapdı. Paraday isə vəfat edən birinin sənədlərini əldə edərək Yıldırımın ABŞ-da birdəfəlik qala biləcəyini təşkil etməyin mümkünlüyünü söylədi. Hüseyn Yıldırım bu məqsədlə Beqqi Bie ilə qəbirstanlığa gedərək ölən şəxslərin adlarını tapdı. Ancaq həyat onların istədikləri kimi davam etmədi.

Professor Hallı, Hall da “Blitz”i satdı

Bu ərəfədə artıq ŞTAZİ Hüseyn Yıldırımın fəaliyyətindən şübhələnirdi. Bunun səbəbi tam bəlli olmasa da, ehtimal odur ki, “Blitz”in qaçaqmalçılıqla məşğul olması ŞTAZİ-ni narahat etməyə başlamşdı. Bu səbəbdən də “Blitz”in yerinə Professor Manferd Sever gətirildi. Ancaq qısa müddətdən sonra professorun casus və kuryer olduğu MKİ tərəfindən müəyyən edildi. Bundan sonra MKİ professora təklif etdi ki, Hallı həbs etmək üçün ona dəstək göstərsin. 1988-ci il yanvarın 20-də professorun vasitəçiliyi ilə Hall SSRİ-nin “rəsmi” nümayəndəsi olaraq özünü təqdim edən Federal Təhiqatlar Bürosunun (FTB) agentləri ilə görüşdü. Bu görüşdə Hall Berlində olduğu kimi ABŞ-da da casus fəaliyyəti üçün razılaşdı. Görüş FTB tərəfindən gizli videolentə alındı. Görüşdən sonra FTB Hallı həbs etdi. Beləcə Hall “soyuq müharibə” illərinin ən əhəmiyyətli agenti və casusu olaraq tarixə keçdi.

Hill də öz növbəsində Hüseyn Yıldırımı ələ verdi

Hall həbs edildikdən sonra DTK və ŞTAZİ üçün casusluq etdiyini, bu işdə Hüseyn Yıldırımın ona köməklik etdiyini bildirdi. Hallın həbsindən bir gün sonra - 1988-ci ilin 21 yanvarında FTB “Blitz” kod adlı türk agentini Floridada həbs etdi. Bu zaman “Blitz” anti-kommunist olduğunu dedi və ilk əvvəl ittihamları rədd etdi. Daha sonra həyatını qarantiyaya almaq məqsədilə Berlin divarları yaxınlığında yerə basdırdığı məxfi sənədləri məhkəməyə təqdim etdi. Ancaq buna baxmayaraq, məhkəmə Hüseyn Yıldırıma ömürlük həbs cəzası kəsdi.

ABŞ və Alman casusu olan “Blitz” MİT-ə nələri təklif edib?

Hüseyn Yıldırım həbs edildikdən bir il sonra - 1989-cu ilin mayında həbsxanadan “Cümhuriyyət” qəzetinə verdiyi müsahibə ilə bomba “partlatdı”. Vaxtilə MİT agenti olaraq Livan və Afrika ölkələrində işlədiyini qeyd etdi, bildirdi ki, xidmətləri səbəbindən MİT onu medalla təltif edib. Üstəlik Berlin divarları yaxınlığında yerə basdırdığı dosyeləri Türkiyəyə verməyi təklif edib, ancaq Ankara Amerika ilə münasibətləri pisləşdirməmək naminə bu təklifi rədd edib. Yıldırımın amerikalı xanım dostu Ella Pettvay isə keşmiş NASA əməkdaşı olduğunu, Yıldırımın Türkiyə ilə bağl dosyeləri ona verdiyini, özünün isə bu informasiyaları türk mafiyası vasitəsilə türk kəşfiyyatına təqdim etdiyini bildirib.

Qəribədir ki, ABŞ məhkəməsi DTK üçün casusluq edən və önəmli informasiyaları Şərqi Almaniyadakı DTK rezidentinə ötürən casus Hall barəsində 50 min dollar cərimə və 40 il həbs cəzası təyin edib, 2011-ci ildə isə o azadlığa buraxılıb. Hüseyn Yıldırım isə həbsxanada qaldığı müddət mətbuata geniş açıqlamalar verib, vəkillər vasitəsilə azadlığa buraxılmasına çalışıb. Ancaq bütün bu cəhdlər nəticəsiz qalıb.

MİT əməkdaşının səssiz Türkiyə ekstradisiyası

Nəhayət, Hüseyn Yıldırım 2003-cü il 29 yanvarda səssiz şəkildə Türkiyəyə ekstradisiya ediləndə artıq 75 yaşında idi. O, ekstradisiyadan sonra qanun çərçivəsində cəmi 1 gün həbsxanada saxlanıldı və 31 yanvarda azadlığa buraxıldı.

ŞTAZİ-nin sabiq başçısı Markus Volf “Blitz” kod adlı agent haqqında danışarkən “bizə çox qiymətli informasiyalar verdi” ifadəsini işlədib. Sonradan “Blitz”in hekayəsi Alman mətbuatının gündəminə gəldi.

Hüseyn Yıldırımın ən zəif yeri pul idi və bu motivasiya onu başqa ölkələrin xeyrinə casusluq etməyə sövq edib. Artıq qocalmasına baxmayaraq, həbsxanada qalmasının səbəbi isə dövrün beynəlxalq siyasi şərtlərinin dəyişməsi idi. Onun həbsindən qısa müddət sonra Berlin divarları dağıdıldı, Almaniya birləşdi. Artıq nə Şərqi Almaniya, nə də ŞTAZİ qalmışdı. Normalda ikili razılaşmalara əsasən, agentlər sərbəst buraxılır və ya başqa agentlərlə dəyişdirilir. Ancaq Hüseyn Yıldırımın işində onu müdafiə edəcək dövlət qalmamış, Şərqi Almaniya artıq mövcud deyildi. Bu səbəbdən də Hüseyn Yıldırım düz 15 il həbsxanada qalmalı oldu. Türkiyənin Hüseyn Yıldırımı azad etmək üçün ABŞ-a hansı təzyiqlər göstərdiyi bəlli deyil. Hüseyn Yıldırımın özü isə başına gələnləri həbsdən çıxdıqdan sonra bir cümlə ilə ifadə edib: “Bir agentin arxasında dövlətin olmaması ən böyük fəlakətdir”.


Müəllif: Cavad

Oxşar xəbərlər