“Mərkəzi Kəşfiyyat İdarəsi məni inandırdı ki, onun yatağına girib zəhərləmək lazımdır” - Marita Lorenz
Kubanın 90 yaşlı lideri Fidel Kastronun vəfat etməsi ilə dünyada bir çox insan yasa batdı. Bəziləri isə bu ölüm xəbərinə sevindi, onu qeyd etmək üçün küçələrə axışdı.
Həmin gün Fidelin ölümünə görə ən çox sarsılan isə bir nəfər oldu. Söhbət 19 yaşında olarkən, 1959-cu ildə Kastro ilə tanış olan və onunla sevgi macərasi yaşayan Marita Lorenzdən gedir.
Teleqraf.com xəbər verir ki, onun oğlu Mark Lorenz Nyu-Yorkun Quenns səmtində yaşayan anasının ilk eşqinin ölüm xəbərinə sarsıldığını deyib.
Kastro ilə Lorenzin eşq hekayəsi 1959-cu ilin fevralında başlayıb. O tarixdə Lorenz atasının kruiz gəmisi ilə Havana limanına yaxınlaşırdı. Bu zaman uniformalı hərbçilərlə dolu hərbi gəmi onlara yaxınlaşdı. Bu hərbçilərin içərisində ən uca boyluolan Kastro Lorenzin diqqətini cəlb etdi.
“CİA Declassified” adlı sənədli film üçün hazırlanan reportajda Lorenz “33 yaşında idi, gözləri işıldayırdı” deyəcəkdi.
Havana gəzintisindən sonra Nyu-Yorka qayıdan Lorenz az sonra Kastrodan dəvət aldı. Ondan Kubaya qayıtması istənilirdi. Lorenz bu dəvəti qəbul edir. Bir neçə gün sonra Kastro ilə Havana Hiltonunda görüşür. Lorenz iki aydan sonra hamilə olduğunu fərq edir. Bir gün içdiyi süddən sonra anidən özündən gedir. Özünə gəldiyi vaxt uşağını itirdiyi bəlli olur.
Lorenz Mərkəzi Kəşfiyyat İdarəsini dərmanla onun bətnindəki uşağı öldürməkdə ittiham edir. Ancaq onun uşağının doğulduğu haqda heç bir fakt və dəlil ortada olmur.
“Vanity Fair” jurnalında 1993-cü ilə çap edilən məqalədə isə Lorenzin Havanada abort edildiyi və bundan sonra hətta Nyu-Yorkda müalicə olunduğu haqda sənəd olduğu bəyan olunub.
Lorenzinin dediyinə görə, Nyu-Yorka qayıtdıqdan sonra casus olaraq işləyən anası onu Kastroya xəyanət etməyə məcbur edib:
“Məndən istifadə etdilər. Çünki onun yataq otağına təkrar girə biləcək tək insan mən idim”.
İllər sonra yaşadıqlarını anladan Lorenz maraqlı faktlara toxunub:
“Övladımın Kastro tərəfindən abort edildiyini dedilər. Əvvəl buna inanmadım. Amma beynimi yuya bildilər və bunu edənin Kastro olduğuna inandım. Bu vəziyyət məni xəyal qırıqlığına uğratdı. Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri Kastronun sadəcə, ABŞ üçün bir təhdid olmadığını, eyni zamanda dünya üçün təhlükəli olduğunu dedilər. Və məndən onu öldürməyimi istədilər”.
Bundan sonra Lorenz 1960-cı ilin yanvarında agent Frank Sturgislə görüşmək məqsədilə Mayamiyə getdi. Sturgis bu görüş zamanı Lorenzə zəhərli dərmanlar verdi. Lorenzin işi çox konkret idi - dərmanlardan birini Kastronun içəcəyi suya töküb hadisə yerindən uzaqlaşmaq.
Kuba gömrükçüləri tərəfindən dərmanların aşkar edilə biləcəyindən ehtiyat edən Lorenz dərmanları üz kremi qutusunun içində keçirib. Kastronun Havanadakı iqamətgahında bu plan incə detallarına qədər işləyirdi. Suyuna dərman tökdüyü ana qədər. Bu an bəlli olur ki, dərmanlar üz kremi qabında əriyib. Bu mənzərə ilə üzləşən Lorenz dərmanları zibil qabına atmaq istəyir. Ancaq həyəcan onu ələ verir və Kastro vəziyyəti dərhal anlayır.
“Tapançasını çıxardı. Əvvəl məni vuracağını düşündüm. Amma silahı mənə verdi və soruşdu ki, onu öldürmək üçün Havanaya gəlmişəm? Siqaretindən birini götürüb çəkdi və gözlərini bağladı. Özünü müdafiəsiz vəziyyətdə qoymuşdu. Çünki onu öldürməyəcəyimi bilirdi. Məni hələ sevirdi, mən də onu sevirdim”, - deyə sonradan Lorenz bu haqda danışarkən deyib.
Daha sonra tarixə Vatergate oğrularından biri olaraq keçəcək Frank Sturgis 1993-cü ildə “Vantiy Fair” jurnalına verdiyi müsahibədə “Kastronu öldürməyə çox yaxın idik. Kastronu zəhərləmək üçün onu inandırmağa çalışdım. Amma o, geri addım atdı. Çünki itirdiyi uşağına aşiq idi”.