İranda milli valyutanın kəskin dəyər itirməsi, ölkəyə bir çox məhsulların idxalına qadağa qoyulması iş adamlarının etirazına səbəb olub. Ölkənin bir sıra şəhərlərində bununla bağlı etiraz aksiyaları başlayıb. İran parlamentində məsələ ilə əlaqədar müzakirələr keçirilib və hakimiyyətin müxtəlif təbəqələrindən məsələyə münasibət bildirilir. Bu, vəziyyətin gərginliyindən xəbər verir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.
Politoloq qeyd edib ki, İranın ali dini liderinin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi baş verənlərə görə Həsən Ruhani hökumətini tənqid edib:
“Səfəvi bildirib ki, hökumətin apardığı uğursuz iqtisadi siyasət, eləcə də, nüvə proqramı ilə bağlı yaranmış gərginlik İranda vəziyyəti bu yerə gətirib çıxarıb. O, həmçinin qeyd edib ki, Həsən Ruhani hökuməti ölkənin idarə olunmasına mane olur və hökumətə ehtiyac yoxdur. Yəni, söhbət ondan gedir ki, yaranmış vəziyyət hakimiyyət daxilində ciddi etirazlar yaradıb. Kənar müdaxilə olmadan belə, İranda siyasi müstəvidə münasibətlər gərginləşir.
Artıq İrana xarici müdaxilə olub. ABŞ-ın nüvə proqramından çıxmasından sonra İrana qarşı tətbiq edilən sanksiyalar da bunu deməyə əsas verir.
Digər yandan, ABŞ təzyiqləri gücləndirmək üçün Avropa İttifaqını və “Altılıq”da təmsil olunan digər ölkələri də İrana qarşı sanksiyalara qoşulmağa çağırır. ABŞ-ın əsas gətirdiyi arqument budur ki, İranın nüvə proqramı şəffaf deyil. Artıq Avropada da İrana qarşı etimadsızlıq yaranıb. Perspektivdə Avropa İttifaqı İranla bağlanmış ticarət və iqtisadi müqavilələri dondura bilər.
Bu, İranda ağır olan vəziyyəti daha da ağırlaşdıracaq. Bu da iş adamları ilə yanaşı, vətəndaşların da sosial-iqtisadi vəziyyətinə mənfin təsir göstərəcək”.
Sədrəddin Soltan qeyd edib ki, yaranmış vəziyyət hakimiyyətə qarşı etirazları gücləndirə bilər:
“Vəziyyətin daha da gərginləşməsi hakimiyyətin bir xəttinin digər xəttə təzyiqləri artırması fonunda baş verə bilər. Bu baxımdan, mühafizəkar xəttin digər xətti “vurmaq” üçün ölkədəki sosial-iqtisadi problemlərdən istifadə etməsi mümkündür. Hazırda mühafizəkar xətt bu məsələlərdən Həsən Ruhaniyə qarşı istifadə edə bilir”.