İranda hakimiyyət və böhran əleyhinə başlayan etiraz aksiyalarının miqyası böyüyür. Etirazlar ölkənin iri şəhərlərini əhatə edir.
Teleqraf.com-a açıqlamasında politoloq Vüqar Zifəroğlu belə deyib.
Politoloq ABŞ-ın İrana qarşı sanksiyalarının Tehranı çətin vəziyyətdə qoyduğunu bildirib:
“Şəhərlərdə fəaliyyət göstərən fabrik və zavodların işçiləri kütləvi şəkildə tətil elan ediblər. Görünən budur ki, beynəlxalq iqtisadi sanksiyalar İranı çalxalaya bilib. Rial kəskin dəyər itirib, bu da İranın maliyyə strukturlarında ciddi dəyişikliklərə gətirib çıxarıb. Buna görə də məmurlar arasında həbslər başlayıb. Paralel olaraq, bank sektorundan məsuliyyət daşıyan şəxslərin istintaqa cəlb edilməsi prosesləri gedir. Bu, iqtisadi sanksiyaların ortaya çıxardığı nəticələrdir”.
Vüqar Zifəroğlu İranda davam edən sosial etirazların siyasi böhrana səbəb olacağını istisna etməyib:
“ABŞ-ın sanksiyaları özündə təkcə iqtisadi amilləri birləşdirmir, bu həmlələr kompleks tədbirlər planıdır və özündə bir sıra istiqamərtləri ehtiva edir. ABŞ İrana qarşı 4 istiqamətdə hücuma keçib. İlk istiqamətdə İrana qarşı iqtisadi sanksiyalarla həmlə edən ABŞ ikinci tərəfdən İranı dünyadan təcrid siyasətini yürüdür. Digər yandan İran daxilində etnik və dini zəmində qarşıdurma yaratmağa çalışan Amerika bir tərəfdən də, bu ölkənin Yaxın Şərqdəki (Suriya, İraq və Livan) mövqelərini hədəfə alıb. Əlbəttə, bunlar siyasi nəticələri ola biləcək həmlələrdir. Artıq bu, İran hakimiyyəti daxilində yaranmış gərginlikdə özünü göstərir”.