ABŞ prezidenti Donald Tramp Türkiyəyə F-35 qırıcılarının təhvil verilməsini qadağan edən büdcə qanununu təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, Tramp 2019-cu maliyyə ili üçün (ABŞ-da 1 oktyabr tarixindən başlayır) 716 milyard dollar həcmində müdafiə büdcəsini təsdiq edən sənədə imza atıb.
İmzalanma mərasimi bazar ertəsi ABŞ-ın 10-cu dağ diviziyasının yerləşdiyi Nyu-York ştatının Fort Dram hərbi bazasında baş tutub.
Yeni büdcə ilk növbədə hərbçilərin sayının artırılmasına yönəlib. Onların sayı təqribən 16 min nəfər artacaq. Bundan əlavə, hərbçilərin pul təminatı 2,6 faiz artırılacaq. Sənəd Ukraynaya hərbi yardım göstərilməsi, həmçinin hərbi sahədə Rusiyaya müqavimət göstərməyə yönəlmiş bir sıra tədbirlərin davam etdirilməsini nəzərdə tutur.
ABŞ Müdafiə Nazirliyi Xarici İşlər Nazirliyi ilə birlikdə 90 gün ərzində Türkiyə-ABŞ münasibətlərinə dair hesabat hazırlayacaq. Bu hesabat əsasında F-35 qırıcılarının Türkiyəyə təhvil verilməsinin dayandırılmasına bir daha aydınlıq gətiriləcək.
Rahip Bransonun sərbəst buraxılması üçün Türkiyə ilə anlaşma əldə edə bilməyən ABŞ Türkiyədə həbsdə olan bütün amerikalıların azad olunmasını tələb edir.