Şərqi Türküstanda Çin rejiminin uyğur türklərinə təzyiq tədbirləri edamlarla əvəz oluna bilər.
Teleqraf.com “rfa.org” saytına istinadla xəbər verir ki, hazırda uyğur türklərinin yüzlərlə nümayəndəsi Çin hökumətinin qurduğu düşərgələrdə əsir kimi saxlanılır.
Son məlumata görə, həbsi üçün heç bir əsası olmayan uyğur ziyalıları qeyri-ciddi iddia və bəhanələrlə həbs olunub. Onların arasında alim, sənətçi və iş adamları da var.
Sayt iddia edib ki, uyğur türklərinin öndə gedən bir neçə simasının edam olunması gözlənilir.
Tənqidçi və yazar Yalkun Rozinin “əsərlərində türkçülük təbliğatı aparmaq” ittihamı ilə ömürlük həbsə məhkum olunduğu qeyd edilir.
Şərqi Türküstanın sabiq təhsil naziri Səttar Savutun ayrı-seçkilik ittihamı ilə 2 il gecikdirilmiş edam cəzası alıb.
Şərqi Türküstan Tibb Universitetinin rektoru Halmurad Çopurun da “ayrı-seçkilik” ittihamı ilə edam cəzası aldığı haqda xəbərlər gəlir.