Ermənistanın Baş naziri Nikol Paşinyan 2008-ci il martın 1-də İrəvanda insan ölümü ilə yadda qalmış hadisənin əsas icraçılarından biri idi.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə “Bloomberg”-ə müsahibəsində Ermənistanın keçmiş prezidenti Robert Köçəryan çıxış edib.
Köçəryanın sözlərinə görə, qanlı aksiyanın əsas iştirakçılarından olan Paşinyan siyasi məqsədləri üçün bundan istifadə edib:
“Tarixdə qalmaq üçün bu qanlı olaylarda fəal olub. Bu mənada həmin hadisələrin baş verməsində məsuliyyət daşıyanlardan biri də Nikol Paşinyandır”.
Bununla belə o, baş nazir olanadək Paşinyanı tanımadığını iddia edib: “Təsəvvür edin ki, onu tanımırdım. Onunla heç vaxt tanış olmadıq. Bəlkə də, mətbuat konfranslarında iştirak edib, amma xatırlamıram. Heç vaxt şəxsi əlaqəmiz olmayıb. Nə indi, nə də bundan əvvəl onunla əlaqə saxlamamışam. İndi isə hiss edirəm ki, o, mənə nifrət edir”.
Robert Köçəryan dekabrda Ermənistanda keçiriləcək parlament seçkilərindən də danışıb: “Bu seçkilər Paşinyanın şəxsi zəfəri, Ermənistan dövlətinin isə məğlubiyyəti olacaq”.
Qeyd edək ki, 2008-ci il martın 1-də İrəvanda keçirilmiş dinc aksiyalarda iştirak edən insanlara odlu silahdan atəş açılıb. Hadisə nəticəsində 20-dən çox insan ölüb. Buna görə, Robert Köçəryana qarşı cinayət işi açılıb.