Oktyabrın 24-ü dünyada BMT günü kimi qeyd olunur. Bu əlamətdar günlə əlaqədar BMT-nin baş katibi Antoni Qutuerreş video-müraciət ünvanlayıb.
BMT-nin Bakı ofisindən Teleqraf.com-a daxil olan müraciətdə deyilir:
Birləşmiş Millətlər Təşkilatı Günü Nizamnaməmizin - insanların ümidlərini, xəyallarını və istəklərini əks etdirən çox mühüm tarixi bir sənədin yaranmasını qeyd edir.
Hər gün BMT-də çalışan qadın və kişilər Nizamnamənin praktiki əhəmiyyətini artırmaq üçün səylərini əsirgəmirlər. Bütün çətinlik və maneələrə baxmayaraq biz heç vaxt təslim olmuruq.
Kəskin yoxsulluq azalmaqdadır, lakin biz bərabərsizliyin artdığını görürük. Buna baxmayaraq yolumuzdan dönmürük. Çünki bilirik ki, bərabərsizliyi azaldaraq biz dünyada ümidi gücləndirir, imkanları genişləndirir və sülhü möhkəmləndiririk.
Gördüyümüz işlər iqlim dəyişikliyinin sürətinə uyğun deyil. Ancaq biz də qətiyyətliyik, çünki iqlim dəyişikliyinə qarşı mübarizənin yeganə yol olduğunu bilirik.
İnsan hüquqları çox yerlərdə pozulur. Fəqət biz təslim olmuruq. Çünki, insan hüquqlarına və ləyaqətinə hörmətin sülh üçün başlıca şərt olduğunu bilirik.
Münaqişələr çoxalır – insanlar əziyyət çəkir. Ancaq biz təslim olmuruq. Çünki hər bir kişi, qadın və uşağın sülh şəraitində yaşamağa layiq olduğunu bilirik.
Gəlin, BMT günündə öhdəliklərimizi bir daha bəyan edək:
Sarsılmış inamı bərpa etmək üçün.
Planetimizin yaralarını sağaltmaq üçün.
Heç kəsi kənarda qoymamaq üçün.
Birləşmiş millətlər kimi hamı üçün ləyaqətli həyatı dəstəkləmək üçün.