İranın Xarici İşlər naziri Cavad Zərif İsrailin xüsusi xidmət orqanının - “Mossad”ı rəsmi Tehranın dünya ilə əlaqələrinə zərbə vurmaq məqsədilə saxta bayraq əməliyyatları keçirməkdə ittiham edib.
Teleqraf.com xəbər verir ki, iranlı nazir “Mossad”ın bununla dünyanı aldatmaq, manipulyasiya etmək məqsədi güdüyünü bildirib.
“Mossad” inadcıl bir şəkildə saxta bayraq əməliyyatları həyata keçirməklə bizim dünya ilə əlaqələrimiz mövzusunda qərarlığımızı gücləndirir”, - Cavad Zərif deyib.
Nazir açıqlamanının davamında Türkiyə, Azərbaycan və İran arasındakı üçlü formatda toplantıya, habelə Pakistan səfərin’ işarə edərək “qonşularımızla sağlam əlaqələr bizim üçün prioritetdir” fikrini işlədib.
Qeyd edək ki, İsrailin Kan radiosu İsrail kəşfiyyatı tərəfindən Danimarkada fəaliyyət göstərən “Əhvaz”ın xilası üçün Ərəb Mübarizə Hərəkatı (ASMLA) üzvlərinə qarşı planlanan sui-qəsdlə bağlı kəşfiyyat məlumatının Danimarkaya “Mossad” tərəfindən ötürüldüyünü açıqlayıb.
Bundan sonra Danimarka xüsusi xidməti ASMLA üzvlərinə sui-qəsd planlaşdırdığı ehtimal olunan İran əsilli Norveç vətəndaşını İsveçin Göteborq şəhərində həbs edib.
İran XİN-in sözçüsü Bəhram Qasimi isə sui-qəsd iddiasını rədd edib, bunun İran ilə Avropa Birliyi ölkələri arasında mövcud olan normal münasibətləri pozmaq məqsədi güdən düşmən təxribatı olduğunu deyib.
Xatırladaq ki, ASMLA-nın qurucusu Əhməd Molla Nissi 2017-ci ildə Hollandiyanın Lahey şəhərində evinin önündə öldürülüb.
Onu da bildirək ki, “saxta bayraq” adlandırılan əməliyyatlar adətən, kəşfiyyat qurumlarının xalqı ayağa qaldırmaq, istiqamətləndirmək məqsədilə özlərinin həyata keçirdikləri gizli əməliyyatlar hesab olunur. Amma bunu bir qayda olaraq, hədəfdəki şəxslərin fəaliyyəti kimi təqdim edirlər.