2 Noyabr 2018 15:27
1 918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Rusiya hərbi-siyasi ittifaqı ciddi böhran içindədir. Hazırkı vəziyyətdə İrəvan və Moskva bir-birinə etibar etmir.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armen Ayvazyan deyib.

Onun sözlərinə görə, mövcud situasiyada Azərbaycan bölgədə Rusiyanın etibar etdiyi yeganə strateji tərəfdaşıdır:

“Əgər Moskvada kimsə münaqişəli ərazilərin bir hissəsinin Azərbaycana verilməsinə razı olsa, bu, Ermənistan üçün intihar sayılacaq. Nəzərə almaq lazımdır ki, Ermənistanda anti-Rusiya ab-havası hökm sürür. Qərbyönümlü QHT-lər və media qurumları Rusiya əleyhinə gedən etirazları daha da qızışdırır. Buna görə də, Rusiyanın Azərbaycanı hərbi cəhətdən daha da gücləndirməsi ilə bağlı Ermənistan cəmiyyətinin ciddi narahatlığı var. Bu da təsadüfi deyil.

Məsələn, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ermənistanla döyüşlərdə Rusiya ilə yanaşı, Türkiyə, İsrail və Ukrayna silahlarından da istifadə etdi.

Ermənistan hökumətinə gəlincə, İrəvan Qərb və Rusiya arasında balans siyasəti yürütməyə çalışır. Lakin bu, Ermənistan kimi manevr imkanları dar olan bir ölkə üçün qadağan olunmuş oyundur. Başqa sözlə, Qərb-Rusiya münasibətlərinin qırılma həddində olduğu bir vaxtda, belə bir cəhd Ermənistan üçün fəlakətə yol aça bilər.

Elə bir dönəmdən keçirik ki, Ermənistanın təhlükəsizliyinin qarantiyası yoxdur. Buna görə də, Qərblə yox, Rusiya ilə strateji əlaqələri gücləndirmək lazımdır”.

Armen Ayvazyan hesab edir ki, mövcud vəziyyətdə Ermənistan digər ölkələrə yox, Rusiyaya etibar etməlidir:

“Rusiyanın Ermənistanın yeganə strateji müttəfiqi olduğunu nəzərdən qaçırmaq olmaz. Çünki indi İrəvanın ümid etdiyi ABŞ Ermənistanın yox, ərəb ölkələri, Misir və İordaniyanın silahlandırılmasında maraqlıdır. ABŞ bu addımı atarkən İsraili nəzərə alır. Digər yandan, Ermənistanla müqayisədə, ABŞ və İsrailin özü də Azərbaycanın güclənməsində maraqlıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər