5 Noyabr 2018 14:43
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Senata ara seçkilərə iki gün qalmış Prezident Donald Tramp və sələfi Barak Obama noyabrın 4-də ayrı-ayrı mitinqlərdə çıxış ediblər.

Teleqraf.com xəbər verir ki, Obama İndiana ştatında demokratların təşkil etdiyi mitinqdə 6 noyabr seçkilərini “Amerika tarixində ən önəmli seçki” kimi qiymətləndirib, insanları aktiv iştiraka dəvət edib.

Prezident Tramp isə Georgiada mitinqə qatılıb.

“Məncə, Senatın Nümayəndələr Palatasında gözəl fəaliyyət göstərəcəyik. Senatda çox gözəl işlər həyata keçirəcəyimizə əminəm”, - Tramp deyib.

O, əlavə edib ki, Respublikaçılar bu səsvermədə həmişəkindən daha həyəcanlıdır.

Seçki mütəxəssisləri hesab edirlər ki, ara seçkilər Donald Trampın Ağ Evdə 22 aylıq fəaliyyəti və gördüyü işlərin imtahanı olacaq. Seçicilər Nümayəndələr Palatasının 435 üzvünü və 100 nəfərlik Senatın tərkibinin üçdə birini seçəcək.

Hazırda Respublika Partiyası Ağ Ev kimi Konqresin həm Nümayəndələr Palatasında, həm də Senatda səs üstünlüyünə malikdirlər.

Sabahkı seçkiləri bir sıra parametrlərə görə mühüm əhəmiyyət kəsb edir. Bu seçkilər təkcə ABŞ daxili siyasətə deyil, eyni zamanda ABŞ-ın xarici siyasətinə də mühüm təsir edə bilər.

Mütəxəssislərə görə, seçkilərdən sonra Demokrat Partiyası Nümayəndələr Palatasında çoxluğa sahib ola bilər, ancaq Senatda Respublikaçıların səs üstünlüyünü qoruyacağı ehtimalı böyükdür.

Demokratlar Nümayəndələr Palatasında üstünlüyü əldə etmək üçün əlavə olaraq 23 mandata sahib olmalıdır.

Real Clear Politics saytı Demokratların əlavə olaraq 26 mandat əldə edəcəyini irəli sürür, ancaq anket sorğuları üzrə mütəxəssis Nate Silverə görə, Demokratlar 38 mandat əldə edəcək.

Demokratlar Konqresin bir qanadında çoxluğu ələ keçirə bilsə, Prezident Trampa əhəmiyyətli şəkildə təsir edəcək. Bəzi demokratlar indidən bildirirlər ki, Nümayəndələr Palatasında çoxluğu ələ keçirə bilsələr, prezidentin maliyyə sektoru və idarəçiliyinə qarşı apardığı siyasətlə bağlı araşdırma açacaqlar.

Eyni zamanda demokratlar xüsusi prokuror Robert Müllerin ilyarımdır davam edən araşdırmasına dayanaraq prezidentin vəzifədən getməsi (impiçment) üçün fəaliyyətə başlaya biləcəklərinə işarə edirlər.


Müəllif: Cavad

Oxşar xəbərlər