24 Noyabr 2018 09:01
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəaliyyət göstərdiyi müddətdə türk casus Hüseyn Yıldırım ABŞ-a ümumilikdə 2,5 milyard dollar zərər vurub.

Teleqraf.com bu maraqlı casus haqqında əldə etdiyi informasiyanı oxucularla paylaşır:

Hüseyn Yıldırım 1928-ci ildə Türkiyənin Kirşəhər rayonunda doğulub. 1960-cı illərdə Almaniyaya köçüb.

Avtomobil təmiri işləri ilə məşğul olsa da, həyat onu beynəlxalq səviyyəli casusa çevirib.

Almaniyada avtomobil salonunda təmirçi kimi fəaliyyət göstərib. O dövrdə Şərqi Berlində STASİ casusları daha çox fəaliyyət göstərirdi. Hüseynin casus olması üçün ona dəfələrlə təkliflər olunsa da, qəbul etməyib.

Sonradan STASİ casusları Hüseynə bildirirlər ki, onun casus kimi fəaliyyəti işlədiyi avtomobil təmiri mərkəzinə gələn şəxslər haqqında informasiya verməkdən ibarət olacaq və bunun qarşılığında pul alacaq. Hüseyn bu yağlı təkliflə dərhal razılaşır, az sonra hətta Berlindəki Amerika hərbi kəşfiyyatının hərbi avtomobillərini təmir edən qaraja işə düzəlir. Burada həm işini, həm də casus fəaliyyətini bir müddət davam etdirib.

Daha sonra Hüseyn bu əlaqələrindən istifadə edərək ABŞ-a köçmək qərarına gəlib. Ancaq ABŞ-a köçməyin çətin olduğunu bilsə də, buna nail olub. Berlində olan xanımından boşanır, amerikalı bir qadınla evlənir. Beləcə ABŞ-da yerləşir və casusluq fəaliyyətini davam etdirir. Yeddi il boyunca amerikalılardan Almaniya Demokratik Respublikasının xüsusi xidmət orqanına sızdırdığı hər bir sənədin və informasiyanın sürətini çıxara bilir. Lakin 1989-cu uldə Hüseyn Yıldırım Federal Təhqiqatlar Bürosunun agentləri tərəfindən yaxalanır.

Hüseyn Amerika dövlətinə qarşı casusluq fəaliyyəti ilə ümumilikdə 2,5 milyard dollar zərər verdiyi səbəbindən edama məhkum edilir. Daha sonra barəsindəki edam hökmü ömürlük həbslə əvəzlənir.

Bir müddət sonra Türkiyəyə məktub yazan Hüseyn “Məni Türkiyədə məhkəmə qarşısına çıxarın” deyir.

ABŞ-Türkiyə arasında bununla bağlı danışıqlar aparılır, ABŞ casusu Türkiyəyə göndərir. ABŞ-da 15 il həbsxanada qaldığı müddəti əsas gətirərək Türkiyə Hüseyn Yıldırımı azadlığa buraxır. Azad edilən casus ABŞ-da evləndiyi xanımının onu illərdir gözləməsinə baxmayaraq, Berlində yaşayan ailəsinin yanına qayıdır.

Casus verdiyi müsahibələrin birində “İkinci dəfə doğulsaydım, yenə casus olardım, amma bu dəfə daha diqqətli olardım” fikrini bildirib.

Hazırda Berlində olan qocaman casus ailə üzvləri ilə birlikdə yaşamaqda davam edir.


Müəllif: Cavad

Oxşar xəbərlər