Siyasi sistem indi amorf vəziyyətdədir. Siyasi partiyalar və blokların seçki ərəfəsində Nikol Paşinyanı və komandasını tənqid etməməsinin səbəbi əksinqilabi fəaliyyətdə ittihamlardan qaçmaq istəmələrindədir.
Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Armen Vardanyan deyib.
O qeyd edib ki, növbədənkənar seçkilər məxməri inqilabın son mərhələsi olacaq: “Seçkilərdən sonra siyasi meydan özü-özlüyündə qaydasına düşəcək. Kimsə özünü konstruktiv müxalifət elan edəcək, kimisi isə radikal. Seçkiqabağı dövrdə siyasi güclər hakimiyyəti tənqid edərək elektorat itirmək istəmir”.
Siyasi şərhçi Coni Melikyanın fikrincə, partiyalar məxməri inqilabın loyallığını göstərərək, etirazçı elektoratın səslərindən istifadə etmək istəyir: “Partiyaların üzvləri ehtiyat edirlər ki, onları əksinqilabi güclərə aid edəcəklər, ona görə də “qara güclər” kimi yalnız respublikaçılar çıxış edir. Respublikaçılar parlamentə düşməyi bacarsalar, yeni hakimiyyətin klassik müxalifəti olacaqlar”.
Politoloq Artur Kazinyan isə hesab edir ki, siyasi proseslərin bu mərhələsində müxalifət hələ formalaşmayıb: “Bunun üçün əvvəlcə hakimiyyətin formalaşması lazımdır. Müxalifətin formalaşması milli təhlükəsizlik məsələsidir, çünki Nikol Paşinyan uğursuzluğa düçar olarsa, onu əvəz edəcək kimsə yoxdur. Belə güclə parlamentdən kənar müxalifət ola bilər. Nikol Paşinyan hər şey edəcək ki, parlamentdə sözəbaxan müxalifət olsun”.