24 Dekabr 2018 17:56
1 312
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər kəsin nə qədər biliyə sahib olması, onun nə qədər qabiliyyətli olmasını müəyyən edir. Oxumağı sevməyən (Robert Köçəryan nəzərdə tutulur), iqtisadiyyatda heç bir təcrübəsi olmayan biri ölkənin əmlakını vəhşicəsinə talan etdi”.

Teleqraf.com xəbər verir ki, bunu 1999-cu ildə Ermənistanın baş naziri olmuş Aram Sərkisyan deyib.

O, keçmiş prezident Robert Köçəryanın 1999-cu il Ermənistan parlamentinin gülləbaran edilməsi ilə bağlı yazdığı “Həyat və azadlıq” kitabını tənqid edib.

Sərkisyan Köçəryanın parlament sədri Karen Dəmirçiyanın öldürülməsi ilə yadda qalan hadisəni təhrif etdiyini bildirib və onu bu cinayətə görə ittiham edib: “Həmin dönəmdə siz hökumətin bütün üzvlərinə nifrət edirdiniz. Ən yaxın dostlarınıza belə... Təkcə Serj Sərkisyana güvənirdiniz. Çünki siz qorxurdunuz”.

Aram Sərkisyan Ermənistan-Azərbaycan münaqişəsində Karen Dəmirçiyanın rolundan da danışıb və Köçəryana bununla bağlı suallar ünvanlayıb: “Niyə Dəmirçiyanla Qarabağ münaqişəsinin həll edilməsi məsələsi o vaxt müzakirə edildi? Niyə bundan sonra parlamentin gülləbaran edilməsi ilə bağlı başlamış məhkəmə prosesini sürətləndirib başa çatdırdınız?”.

Qeyd edək ki, 1999-cu ildə Ermənistan parlamentində terror aktı törədilib. Oktyabrın 27-də baş verən silahlı basqın zamanı Ermənistan baş nazirinin müavini Vazgen Sərkisyan, parlamentin sədri Karen Dəmirçyan, eləcə də bir neçə deputat öldürülüb.

Terror aktı Qarabağ münaqişəsinin həllinə qarşı yönəlmiş cinayət kimi xarakterizə edilir.

İddiaya görə, dönəmin Ermənistan parlamenti Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını nəzərdə tutan qanun layihəsini təsdiq etməyə hazırlaşırdı.


Müəllif: Mənsur Rəğbətoğlu