Vaşinqton Federal Məhkəməsi Şimali Koreya hökumətinin amerikalı tələbə Otto Varmbierin işgəncəyə məruz qoyulması səbəbindən 501 milyon dollar təzminat ödəməsi haqqında qərar çıxarıb.
Teleqraf.com xatırladır ki, Otto Varmbier Şimali Koreyada məhkəmə qarşısında törətdiyi “ağır cinayəti” etiraf edərək azadlığa buraxılması üçün ağlayaraq yalvarmışdı.
Bir il Şimali Koreya həbsxanasında saxlandıqdan sonra azad olunan Otto Varmbier vəfat etdi.
Daha sonra onun valideynləri Şimali Koreya hökumətini məhkəməyə verərək 1 milyard dollarlıq təzminat davası açdı.
Vaşinqton Federal Bölgə Məhkəməsinin hakimi Beryl Hovell “Otto Varmbierin işgəncələrə məruz qoyulması, əsir alınması və qanunsuz öldürülməsi” dəlillərinə əsaslanıb.
Qərarın simvolik olduğu haqda fikirlər səslənir. Ancaq o da qeyd edilir ki, Şimali Koreya hökuməti problemi yoluna qoymaq üçün ya bu məbləği ödəməli, ya da ABŞ-la razılığa gəlməlidir.
Xatırladaq ki, Otto Varmbierin 2016-ı ildə səyahət etdiyi Şimali Koreyada qaldığı oteldə “təbliğat posterini oğurlamaq” ittihamı ilə 15 il həbs müddətinə həbs olunmuşdu. 2017-ci ildə isə səhhətində yaranan problemlər səbəbindən ABŞ-a göndərilmiş, vətəninə gəldikdən 6 gün sonra xəstəxanada vəfat etmişdi.
Şimali Koreya hakimiyyəti Otto Varmbierin işgəncələrə məruz qoyulması haqda iddiaları rədd edib, tələbənin həbsxanada qida zəhərlənməsi səbəbindən səhhətində problemlər yarandığını bəyan edib.