Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırlaşır.
Teleqraf.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, bu dəfə sanksiyalar Rusiyanın müdafiə sənayesinə, dövlət banklarına, enerji sektoruna və qismən prezident Vladimir Putinə şamil olunacaq.
Bu arada cümə günü Minskdə münaqişənin sülh yolu ilə mümkün həlli ilə bağlı danışıqlar bərpa olunmalıdır.
Böyük Britaniya hökumətinin təmsilçisi Avropa İttifaqı və ABŞ-ın cümə günü yeni sanksiyaları elan edəcəyini bəyan edib: "Biz Putini danışıqlar masasına oturmağa və döyüş bölgəsini tərk etməyə məcbur etmək üçün təzyiqləri davam etdirəcəyik".
Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisinin müavini Ben Rhodes NATO sammitində çıxış edərkən ABŞ-ın yeni sanksiyalarının son detallarını tamamladığını deyib.
Fransa prezidenti Fransua Olland bəyan edib ki, Avropa liderləri yeni sanksiyaları cümə günü elan edəcəklər, amma hər şey yaxın saatlarda nə baş verəcəyindən asılıdır.
Kütləvi informasiya vasitələrinin məlumatına görə, separatçılar Minskdə münaqişənin sülh yolu ilə həlli haqda razılaşma əldə olunacağı təqdirdə atəşin dayandırılacağını elan ediblər.
Samir