ABŞ Prezidenti Donald Tramp Oman vasitəsilə İrana mesaj göndərib. Tramp mesajında İranı hərbi müdaxilə ilə təhdid edib. Bununla belə, Tramp mesajında “müharibə deyil, müzakirə istəyirik” ifadəsini də işlədib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Donald Trampın mesajına cavab vermək üçün İrana vaxt tanınıb.
Tehran hökuməti isə Trampın İrana hücumunun beynəlxalq nəticələri mövzusunda xəbərdarlıq edib. Rəsmi Tehran İranını ali dini lideri Seyid Əli Xameneyinin müzakirələrə qarşı olduğunu, lakin bu mesajın Ali Dini rəhbərə çatdırılacağını bildirib.
Xatırladaq ki, “Nyu-York Times” qəzeti ABŞ Prezidenti Donald Trampın İrana qarşı hücum qərarı verdiyini, lakin son anda bu qərardan imtina olunduğunu bəyan edib. Qəzet bildirib ki, ABŞ-ın Bəsrə və Oman körfəzindəki qırıcıları havada olub, hərbi gəmilər isə döyüş vəziyyətinə gətirilib. Əgər Tramp qərarını dəyişməsəymiş, bu gün səhər saatlarında İranın raket bazaları və radarlarına güclü hava zərbələri endiriləcəkmiş.