14 Avqust 2019 13:47
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Urmiya gölünün qurumaması üçün Türkiyənin Van gölündən su çəkmək mümkündür”.

Teleqraf.com xəbər verir ki, bunu İranın ekologiya təşkilatının rəisi İsa Kələntəri deyib.

Kələntəri sözügedən məsələ ilə əlaqədar araşdırma apardıqlarını, Urmiya gölünü Van gölündən çəkiləcək kəmərlə doldurmağın mümkün olduğunu bildirib:

“Van gölünün suyu Urmiya gölünü qurumaq təhlükəsindən qurtara bilər. Van gölü Urmiya gölünə nisbətən 450 metr yüksəklikdə yerləşir, iki gölün arasında sadəcə 265 kilometr məsafə var.

Hazırda Van gölündə suyun səviyyəsi artıb. Gölün dərinliyi 350 metrdən çoxdur, bu vəziyyət hətta gölün dibində yaşayan canlıların həyatı üçün təhlükə yaradır”.

Ankara ilə müzakirələrin davam etdiyini bildirən İsa Kələntəri vurğulayıb ki, danışıqlar yekunlaşdıqdan sonra hər il 1 milyarddan 2 milyard kubmetrə qədər su Urmiya gölünə axıdıla bilər.

Bundan əvvəl Güney Azərbaycanın Urmiya şəhər şurasının araşdırmalar mərkəzinin rəisi Hüseyn Bəxşayişi də Van gölündən Urmiya gölünə su gətirilməsinin məqsədəuyğun olduğunu bildirmişdi.

Mütəxəssislərə görə, bu layihənin icra edilməsi üçün 1 il, Urmiya gölünün su ilə dolması üçün isə 3 il vaxt tələb olunur.

Türkiyə tərəfi sözügedən layihənin icra edilməsinə müsbət baxdığını elan edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər