Pentaqon rəhbəri Mark Esper ABŞ-ın yeni müharibə formasına – “boz bölgədə dolayı hərbi əməliyyatlara” hazır olmadığını söyləyib. Onun sözlərinə görə, adi birbaşa hərbi əməliyyatlardan imtina etmək ölkə üçün yeni bir sınaq olardı.
Teleqraf.com xəbər verir ki, M.Esper bunu ABŞ Hərbi Hava Qüvvələrinin konfransındakı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Rusiya “dolayı, hibrid hərbi əməliyyatlar və “boz zonada” hərbi əməliyyatlar aparmasını effektiv şəkildə nümayiş etdirib.
“Bu, onların (Rusiyanın) bizimlə adi müharibədə döyüşmək istəmədiklərini və müqavimət göstərə bilmədiklərini bildiklərini göstərir. Buna görə də bizə qarşı çıxmaq, strateji rəqabəti birbaşa silahlardan daha aşağı səviyyədə aparmaq üçün başqa yollar axtarırlar”, deyə Pentaqon başçısı bildirib.
O qeyd edib ki, hibrid müharibələrə qeyri-hazırlıq təkcə ABŞ Silahlı Qüvvələrinə aid deyil.
“Biz hərbi əməliyyatlarda yaxşıyıq, ancaq “boz zona”da olduğumuz, adi qarşıdurmadan uzaqlaşdığımız zaman bu bizim üçün bir sınağa çevriləcək”, deyə müdafiə naziri sözlərini yekunlaşdırıb.