ABŞ və dünyanın ilk qadın seriya qatili Laviniya Fişer həyat yoldaşı Con Fişerlə birlikdə “The Six Mile Wayfarer House” adlı bir mehmanxana işlədirdi. Ər-arvad çox vaxt qəsəbədə yaşamayan və ilk dəfə qəsəbəyə gələn insanlara ağılasığmaz tələlər qururdu. Fişerlər otaqlardakı yataqların altında xüsusi mexanizmlər yerləşdirmişdilər. Qonaq yatağa uzananda bu mexanizm açılır və onu otağın altındakı zirzəmiyə çəkirdi. Cazibədar Laviniyanın çayın içinə qarışdırdığı xüsusi maddə ilə sərxoş etdiyi qurbanları zirzəmidə onun əri Con Fişer əlində balta gözləyirdi. Sonrası isə məlumdur…
Teleqraf.com tarixin ilk qadın seriya qatili Laviniya Fişer haqda məlumatı təqdim edir.
Mehmanxanada qalan insanların sirli şəkildə yoxa çıxması bölgə polisinin diqqətini çəksə də, əllərində dəlil olmadan heç nə etmək mümkün deyildi. Lakin Fişerlərin qorxunc tələlərini ortaya çıxaracaq bir insan var idi: Con Piplz…
Mehmanxanaya gecələməyə gələn Con Piplz çay içməyi xoşlamırdı. Buna görə də Laviniya Fişerin otağa gətirdiyi çayı kobud görünməsinə deyə, içirmiş kimi edib dibçəyə tökürdü. Ər-arvadın davranışlarından xoşu gəlməyən Con Piplz ehtimal olunan təhlükənin qarşısını almaq üçün həmin gecə kresloda yatmaq qərarı verdi.
Piplz yatmağa hazırlaşarkən yatağın altındakı mexanizmin işə düşdüyünü görəndə təəccübləndi, pəncərədən tullanaraq birbaşa polis idarəsinə qaçdı.
Mehmanxanada araşdırma aparan polis əvvəllər burada qalmış qonaqların şəxsi əşyalarını aşkar etdi. Cəsədlərin isə mehmanxanın həyətində basdırıldığı məlum oldu. Sadist ər-arvadın “Old City Jail” həbsxanasında asılmasına qərar verildi.
Ölmək istəmədiyini deyən Con Fişer tövbə etdiyini söyləsə də, bu, işə yaramadı. Laviniya isə evli olduğunu və evli qadınların edam edilməsinin qadağan olunduğunu xatırlatdı. Lakin məsələnin sadə həlli vardı. Əvvəlcə Laviniyanın həyat yoldaşı Con Fişeri edam etdilər, beləliklə Laviniya dul qadına çevrildi və asılması qanunilik qazandı.
Laviniya isə son anlarında gözəlliyi ilə bir kişini ələ keçirib yenidən evlənərək edamdan yaxa qurtarmaq məqsədilə ölümə gəlinlikdə getdi. Lakin işlər Laviniyanın ehtimal etdiyi kimi olmadı. Edam anını maraqla gözləyən insan kütləsi içindən kimsə onunla evlənmək istəmədi.
Laviniyanın ölümdən əvvəlki son sözləri bu oldu: “Cəhənnəmə göndərəcək bir sözünüz varsa, mənə deyin, sizin yerinizə mən çatdıraram”.