Türkiyənin əvvəldən bəri Suriyadakı kürdlərlə problemi yoxdur, sadəcə, PKK ilə problemi var.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ərbildəki Yaxın Şərq Araşdırma İnstitutu (MERI) tərəfindən təşkil edilən paneldə Suriya və PKK ilə əlaqədar İraq Kürd Regional Muxtariyyətinin baş naziri Nəcirvan Bərzani deyib.
N.Bərzani Türkiyə tərəfinin “Biz heç bir şəkildə Suriya ilə sərhədlərimizdə PKK əsgilərini həzm edə bilmərik” mövqeyinin ona çatdırıldığını bildirib:
“Bunun Suriyadakı qardaşlarımız üçün də böyük bir təhlükə olduğunu söyləməyə çalışdıq”.
PKK-nın Suriyadakı mövcudluğuna reaksiya göstərən Bərzani eyni zamanda qeyd edib ki, “yeganə istəyimiz kürdlərin PKK ilə aralarına məsafə qoymalarıdır. PKK özünü Suriya kürdləri vasitəsilə legitimləşdirmək istədi və təəssüf ki, bu gün bu nöqtəyə gəlib çıxıldı”.
Qeyd edək ki, başda ABŞ, Avropa və Rusiya olmaqla bəzi ölkələr Türkiyənin PKK terroruna qarşı mübarizəsi ilə bağlı açıqlamalarında PKK yerinə şüurlu şəkildə “kürdlər" ifadəsini istifadə etməkdədir. Sözügedən mövqe Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sülh və əmin-amanlıq gətirmək məqsədilə başlatdığı “Sülh çeşməsi” əməliyyatı prosesində də davam edir.
PKK-nın Türkiyə kimi ABŞ və Avropanın da terror təşkilatları siyahısında yer almasına baxmayaraq, nümayiş etdirilən bu davranış Türkiyənin bu gün də davam etdirdiyi və son 30 illik terrorla mübarizə prosesini təhrif edir. N.Bərzani bu açıqlama ilə Türkiyənin terrorla mübarizəsini kölgələmək üçün PKK və törəmələri yerinə israrla “kürdlər” deyilməsinə və Türkiyənin kürdlərlə problemi varmış kimi təqdim edilməsinə qarşı çıxmış olub.