“Rusiya və Belarus arasında birləşmə meyilləri SSRİ yaratmaq cəhdləri deyil. Rusiya ilə Belarus arasındakı münasibətlər Avrasiya İqtisadi Birliyinin yaranmasından çox əvvəl başlayıb. Birlik Dövlətini yaratmaq cəhdli ilə bağlı imzalanmış sənədin 20 yaşı var”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Fyodor Lukyanov deyib.
O, Birlik Dövləti modelinin Belarusun suverenliyinə təhdid olmadığını iddia edib: “SSRİ-nin dağılmasını xoşagəlməz sürpriz kimi qarşılayan belaruslar müstəqil dövlət olmağa öyrəşib. Yeri gəlmişkən, Birlik Dövlətinin qurulması məsələsinə Lukaşenkonun özünün böyük töhfəsi var.
SSRİ-nin yenidən qurulması iddiasına gəlincə, bu, Rusiya üçün tamamilə mənasızdır. Çünki Kremlin yenidən imperiya yaratmaq kimi bir ambisiyası yoxdur. Bir imperiyanın yenidən qurulması dəlilik, axmaqlıqdır. Müasir dünyada heç kim buna ehtiyac duymur”.
Lukyanov hesab edir ki, keçmiş SSRİ ölkələri geosiyasi oyunçular arasındakı ziddiyyətlərindən öz xeyirlərinə istifadə etmək dövrü sona çatır:
“Bu dövr sona çatır, ilk növbədə, eyni geosiyasi oyunçular (Qərb və Rusiya) bu oyunu oynamaq istəmədikləri üçün. Hər halda, vəziyyət əvvəlki kimi deyil. Bu rəqabət 2000-ci illərin əvvəllərində fəal şəkildə artmağa başlamışdı. Ukraynadakı böhran zamanı zirvəyə çatdı. Aydın oldu ki, Ukrayna fəlakətindən, Avropa İttifaqı və NATO-da baş verən dəyişikliklərdən sonra artıq bu rəqabət davam etməyəcək.
Bütün bunlar gündəmdən çıxarılır və buna görə bu ölkələrə maraq kəskin şəkildə azalır. Rusiyada da bəzi siyasətçilərin sərt açıqlamalarına və ədəbsiz müraciətlərinə baxmayaraq, əslində dərk etmə prosesi fəal şəkildə davam edir. Əvvəllər isə Rusiyanın siyasi elitasında belə bir fikir var idi ki, bu postsovet dövlətlərini birtəhər özümüzə bağlamalıyıq. İndi Kremlin belə bir fikri yoxdur”.