16 Sentyabr 17:21
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ilk qadın vəkili, görkəmli ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu qurduğu cəmiyyətlər, iştirak etdiyi konfranslarla da ortaq tariximizdə önəmli yer tutub. ABŞ, İngiltərə kimi ölkələrə səyahət edən Sürəyya xanım Vətənə qayıtdıqdan sonra xatirələrini qələmə alıb, “Londonda gördüklərim” adlı kitab çap edib. Amerika xatirələri isə Türkiyədə yaxın günlərdə işıq üzü görəcəkdir.

Sürəyya xanım Berlində də bir konfrasa qatılıb. Bu konfrans bitdikdən sonra o, Berlindəki həbsxananı və uşaq islah evlərini ziyarət edib, təəssüratlarını qələmə alıb. Sürəyya xanımın 1952-ci ildə “Cumhuriyet” qəzetində çıxan “Mədəni aləmdə insanın qiyməti” adlı məqaləsini dilimizə uyğunlaşdıraraq təqdim edirik:

***

Səyahət təəssüratları

Mədəni aləmdə insanın qiyməti

Konfrans bitdikdən sonra Berlində bir yarım gün artıq qaldım. Məqsədim Berlindəki həbsxanaları və uşaq islah evlərini gəzməkdi. Berlin həbsxanaları ümummüdiri bu sahədə mənə çox köməklik etdi. Əvvəlcə qadın həbsxanasını gəzdim. Berlinin əsl qadın həbsxanası rus bölgəsində qaldığı üçün bir nəzarətxananı qadın həbsxanasına çeviriblər. Oraya da bir qadın pedaqoq rəhbərlik edir. Həbsxana tər-təmizdi. Zatən bütün otaqlar, mebellər çiçəklə örtülüb. Alman milləti çiçəyi sevir. Bunu xarabalıqlar içindəki çiçək bağçalarında da gördüm.

İyirmi dörd saatlıq məhkumiyyəti olanla bütün ömrünü cəza evində keçirənlər bir həbsxanada idilər. Fəqət hər kəsin xüsusi bir hücrəsi vardır. Hər hücrədə ayaqyolu, su mövcuddur. Binanın heç bir tərəfi iylənmir. Yerlər ağacdandır və cilalanıb.

Həbsxanada çoxlu iş atelyeləri gördüm. Oralarda ip əyirməkdən ən incə naxış işləməyə qədər görülür. İşin heyrətli tərəfi odur ki, qadınlar işləyərkən başlarının üstündə heç kim gözləmir. Bizim pulla gündə 125 quruş alırlar. Bunun yarısı özlərinə verilir, qalan yarısı yığılır və həbsxanadan çıxarkən onlara sərmayə olur.

Qadınların hərəkətləri həbsxanadan çıxdıqdan sonra da sosial yardım təşəkkülləri tərəfindən təqib edilir. Evi olmayana ev, işsizə iş tapılır, yolunu azanların doğru yola gəlmələrinə çalışılır. Bütün bunlara rəğmən təkrar həbsxanaya dönənlər 60 faiz imiş.

Həbsxananın rəsmi məmurlarından başqa fəxri olaraq məhbuslarla məşğul olan ailə qadınları, müəllimlər də varmış.

Həbsxana müdiri məhəbbət və etimadla idarə edir, qətiyyən şiddət göstərmir. Həbsxanada hər məhbusun qayçısı və bıçağının olması bizi heyrətləndirdi. Həbsxana müdirəsinə bu bıçaqlarla bir hadisə törətmə ehtimallarının olub-olmadığını soruşdum. “İstədikləri zaman stulla da törədə bilərlər, bu kimi tədbirlər mənasızdır” cavabını verdi. Zatən həbsxananı dolaşarkən məhbuslara etdiyi rəftarı və onların qarşılığını görməsi idarəçiliyi haqqında bir fikrin yaranmasına kafi idi.

Bundan sonra Teqel kişi həbsxanasını gəzməyə getdik. Ora tamamilə başqa aləmdi. Ən modern şəkildə tikilmişdir. Orada da hücrə üsulu vardır. Elə hücrələr gördük ki, bir qadının yataq otağından daha müntəzəmdi. Zatən hər iki həbsxanada da məhbuslara otaqlarını bəzəmək haqqı verilib. Buradakı həbsxana müdiri də həm hüquq məzunu, həm də pedaqoqdu.

Böyük bir bağçası və heyvan bəsləmə yeri olan həbsxanada məhbuslar dülgərlikdən tutmuş tərəvəzçiliyə, donuzçuluğa qədər hər şeylə məşğuldu. Gündə səkkiz saat çalışırlar. Yeməklər gərəkli olan bütün kalorini almaları nəzərdə tutularaq hazırlanır. Hər iki həbsxanada yüzlərlə adamın yerləşə biləcəyi salonlar vardır. Hər bazar orada dua edildiyi kimi ayda bir dəfə teatrlar, yarışlar tərtib olunur.

Kişi həbsxanasının minlərlə kitabı olan kitabxanası var. Kitabxananı məhbuslardan biri idarə edir.

Din adamları müntəzəm olaraq həbsxanaları ziyarət edir, məhbuslarla həsbi-hal edirlər. Bunu da qeyd edim ki, gərək qadın həbsxanasını, gərəksə də kişi həbsxanasını idarə edənlər çox idealist şəxslərdirlər.

Daha sonra iki uşaq islah evini gəzdim. Biri dini təşəkküllər tərəfindən qurulub. Digəri də Ədliyyə Vəkalətinə bağlıdır. Dini təşəkkül tərəfindən qurulan bu islah evində uşaqlar orta təhsilə qədər oxudulurlar. Onlara bağbanlıqdan şirniyyatçılığa qədər hər şey öyrədilir. Uşaqların işlədikləri böyük dülgərxanada böyük öhdəliklər götürülür. Bu müəssisələrin makinaları islah evinindir, fəqət ustalar, müəllimlər, mütəhəddidlər tərəfindən təmin edilir.

Bir qismi məhkəmələr, bir qismi sosial təşəkküllər tərəfindən göndərilən uşaqlar burada on iki yaşından iyirmi bir yaşına qədər mühafizə edilməkdə, özlərinə, xarakterlərinə görə iş verilməkdədir.

Böyük hərb fəlakətinə məruz qalmış Berlinin özünə gələn kimi bütün bu işləri həyata keçirməsi heyrətverici şeydir.

İslah evlərini dolaşarkən mənim “Uşaq dostları” yurdumu düşündüm. Bu gördüyüm müəssisələrin yalnız bir atelyesini qura bilməyim üçün yardım tapa bilsəydik!

Məmləkətə qayıtdığım zaman bütün yoldaşlarımı, hətta Vəqflər idarəsini bu işdə bizə köməyə çağıracağam və əminəm ki, müvəffəq olacağam.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər