16 Sentyabr 18:15
5 495
12 Punto 14 Punto 16 Punto 18 Punto

VI çağırış Milli Məclisin deputatı olmuş, siyasi şərhçi Rasim Musabəyov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistan sülh şərtlərinin hamısı razılaşdırılmadan sənədin imzalanmasını istəyir. İrəvanı bu məsələdə tələsdirən səbəblər hansılardır?

- Bu, daha çox daxili auditoriya üçün nəzərdə tutulub. Düşünürlər ki, sülh səyləri nəticə verir. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzaladıqdan sonra Türkiyə ilə münasibətləri normallaşdıracağını ehtimal edir. Bakı ilə sülh əldə etikdən sonra Ankara ilə münasibətləri normallaşdırmaq hazırda İrəvan üçün əsas hədəfdir. Bununla Türkiyə ilə sərhədlərin açılmasına, diplomatik münasibətlərin qurulmasına nail olmaq niyyətləri var.

- Türkiyə ilə münasibətlərin hazırkı səviyyəsinə görə Ermənistana hansı təzyiqlər var?

- ABŞ, Böyük Britaniya, Avropa Birliyi Ermənistan Azərbaycanla sülh müqaviləsi imzaladıqdan sonra Türkiyə ilə sərhədləri hansı səbəbə görə bağlı saxlayacağını soruşacaq. Erməni tərəfini indi bu məsələ narahat edir. Sülh müqaviləsi imzalandıqdan sonra nəqliyyat xəttləri açılmasa belə dəmir yolu Gürcüstandan keçərək Ermənistana qədər gedə bilər. Bu halda Rusiyanın da haqlı tələbləri olacaq. Rusiyanın Mərkəzi Asiyadan gələn yükləri Azərbaycandan, Gürcüstana, Ermənistana keçə bilər. Erməni tərəfi də bu məsələlərdə özünü sığortalamağa çalışır.

- Rusiya baş nazirinin müavini Aleksey Overçukun Ermənistana iki günlük səfəri, müzakirə edilən mövzular diqqət mərkəzindədir. Qərbə meyilli görünən Ermənistanın davranışlarında hansı dəyişikliklər baş verir?

- Qərb Rusiyaya qarşı qəbul edilən sanksiyaların Ermənistan vasitəsi ilə pozulmasına göz yumur. İrəvan bununla qazanc əldə edir. Overçukun səfəri də məhz buna hesablanıb. Son iki ildə Ermənistan məhz bu istiqamətdə olan fəaliyyəti ilə xeyli gəlir əldə edib. Elə məhsullar var ki, heç Ermənistana belə daxil olmur. Bu daha çox bahalı məhsulların daşınmasında müşahidə edilir. Almazın, brilliantın, qızılın həcmi o qədər də böyük deyil. Erməni tərəfi burada sadəcə olaraq özününü komission xərclərini alır.

- Zəngəzur dəhlizi ətrafında artan fəallıq fonunda Rusiyanın Ermənistana real təzyiq imkanları nə dərəcədə effektiv ola bilər?

- Dəhlizin açılması indiki halda daha çox Rusiya üçün lazımdır. Müəyyən daşınmaları Moskva İran vasitəsi ilə Fars körfəzinə çıxarmaq niyyətindədir. Zəngəzur dəhlizi açılmadan bunu etmək çox çətindir. Dəniz yolu ilə bu uzun prosedur tələb edir. Rusiya öz tabeliyində olan Ermənistan dəmir yolundan bu məqsədlər üçün istifadə etmək istəyir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər