16 Sentyabr 15:48
4 787
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca namizədlərin xarici və təhlükəsizlik siyasətləri ilə bağlı açıqlamalarının sayı artıb. Donald Trampın ikinci müddətə yenidən seçilməsi perspektivi Çin və onun çətin mərhələdən keçən iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir. Bir qrup iqtisadçının fikrincə, Trampın Çin mallarına vəd etdiyi yüksək tariflər tətbiq olunarsa, ölkənin ixracında ciddi problemlər yaranacaq və bu, istehsal gücünə mənfi təsir edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Tramp Çinin idxalına 60-100 faiz rüsum tətbiq edəcəyini bildirərək, Pekini həmişə olduğu kimi ədalətsiz ticarətdə və əqli mülkiyyət oğurluğunda ittiham edib:

“Tramp Çini ABŞ üçün “əsl problem” adlandırıb. Belə çıxır ki, o, Çin mövzusunu Rusiya-Ukrayna müharibəsində daha önəmli sayır. Trampın əlini sıxmağı özünə rəva bilməyən Ağ Ev sahibi Co Bayden belə keçmiş rəqibinin Çin siyasətini həyata keçirməyə üstünlük verib. Məsələn, Bayden administrasiyası sentyabrın 13-də bəyan edib ki, e-ticarət şirkətləri tərəfindən Çindən satılan ucuz məhsulların ölkəyə girişini məhdudlaşdırmaq niyyətindədir. Bu addım dünyanın iki ən böyük iqtisadiyyatı arasında artan ticarət gərginliyi fonunda atılıb. Bundan əvvəl Bayden Çinin elektrik avtomobilləri, günəş batareyaları, yarımkeçiricilər və akkumulyatorlar da daxil olmaqla bir neçə məhsul üzrə tarifləri xeyli artırıb.

ABŞ rəsmiləri Çin şirkətlərini ticarət boşluğundan istifadə etməkdə ittiham ediblər. Ağ Ev bildirib ki, 800 dollar həddi altında olan e-mail paketlərin həcmi on il əvvəl təxminən 140 milyon ilə müqayisədə 2023-cü ildə bu rəqəm bir milyardı keçib”.

Təhlildə vurğulanır ki, Avropa ölkələri ilə Çin arasında da iqtisadi əlaqələrdə böhran yaşanır:

“Avropa Ticarət Palatasının hesabatına görə, Çinin iqtisadi yavaşlaması Çinlə əməkdaşlıq edən Avropa şirkətlərinə mənfi təsir edib. Çində fəaliyyət göstərən Avropa şirkətlərinin üçdə ikisinin mənfəət marjası qlobal orta səviyyədə və ya ondan aşağıdır ki, bu da xarici investorlar arasında artan məyusluğu artırıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər