24 Yanvar 2020 11:18
1 862
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşdən əvvəl “Yüz ilin Anlaşması” planını açıqlayacağını bildirib.

Teleqraf.com xəbər verir ki, Tramp “Yüz ilin Anlaşması” adlandırılan “Yaxın Şərq Sülh Planı”na dair fikirlər səsləndirib.

Planı İsrail baş naziri ilə müzakirə edəcəyini qeyd edən ABŞ prezidenti deyib:

“Bu görüşdən əvvəl planı açıqlayacağıq. Fələstinlililərlə də qısa görüşüm oldu. Lakin onlarla yenidən danışacağıq. Anlaşmada fələstinlilərə bir sıra təkliflər verilir, əvvəlcə etiraz edəcəklərini bilirəm, amma əslində bu anlaşma onlara uyğundur”.

Tramp sözügedən anlaşmanın çətin olduğunu vurğulayıb: “Anlaşma əldə etməyi sevirəm. Bu, çox böyük və vacib bir anlaşmadır”.

Ağ Evdən verilən açıqlamada Binyamin Netanyahu və Mavi-Ağ İttifaqının lideri Benni Qantzın yanvarın 28-də Vaşinqtona səfər edəcəyi bildirilib.

Donald Trampın planının detalları açıqlanmasa da, bir sıra ehtimallar müzakirə mövzusuna çevrilib. İddiaya görə, anlaşmada Qüds şəhərinin tamamilə İsrailə verilməsi təklif olunasa da, Fələstinin də maraqlarını əks etdirən təkliflər var.

Fələstin dövlət başçısı Mahmud Abbas isə anlaşmada ölkəsinin lehinə heç bir maddə yer almadığını deyib.


Müəllif: Mənsur Rəğbətoğlu