Rus qırıcıları və Əsəd ordusunun Türkiyənin İdlibdəki mövqelərinə son hücumu diplomatik həll yoluna olan gözləntini azaltdı. 33 türk hərbçisinin həlak olduğu gözlənilməz hücum İdlibdə Türk-Rus savaşı üçün həyəcan təbili çalır. Bölgədə gərginliyin savaş həddinə çatdığı bir vaxt Bəşər Əsəd ordusuna əvvəlki sərhədlərinə geri qayıtması üçün verilən vaxt da başa çatmaqdadır. Prezident Rəcəb Tayyib Ərdoğan Əsəd rejiminə martın 1-nə qədər vaxt verib.
Ekspertlərin fikrincə, Suriya tərəfi müəyyən edilmiş vaxtda geri çəkilməsə, bu, son olayların fonunda Türkiyə Silahlı Qüvvələrinin hərbi əməliyyatları bərpa etməsi üçün tutarlı arqument ola bilər. Üstəgəl, son hücumlardan Moskvanın məsuliyyət daşıması isə Rusiya-Türkiyə xəttində təzyiqləri bir qədər də artırır.
Artıq vəziyyətin həssaslığını nəzərə alan Rusiya Müdafiə Nazirliyi Türkiyənin “fırtınadan əvvəl səssizliyi” fonunda danışıqlar masasını, prezidentlər səviyyəsində əldə edilmiş müqavilələrin yerinə yetirilməsini təklif edir. Rəsmi Ankaranın Moskvaya cavabı isə birmənalıdır: “Şəhidlərin qisası alınacaq”.
Dünən ilk hücumlardan sonra Ərdoğan hər bir şəhidin qisasının alınacağını deməklə, Türkiyənin Əsəd və Putinə açıq savaşı gözə aldığını mesajını verdi. Hücumun Rusiya prezidentinin martın 5-də Ərdoğanla nəzərdə tutulan görüşdən imtina etməsi ilə eyni vaxta düşməsi isə əsəbləri bir qədər də tarım çəkir.
Ekspertlər isə Rusiya və Türkiyənin açıq qarşıdurmadan qaçacağını iddia edirlər. Ehtimal etmək olar ki, tərəflər bir-birindən güzəşt qoparmaq üçün gərginliyi savaş həddinə qaldırırlar. Yəni bu psixoloji savaşdan üstün ayrılan tərəf diktə edən güc kimi masanın yuxarı başındakı yerini almış olacaq. Lakin Ərdoğan konkret danışır, artıq danışıqlardan yox, qisas əməliyyatlarının hər an başlaya biləcəyindən söz açır. Ərdoğanın qəzəbli bəyanatları qarşısında nə Əsəd rejimi, nə də Rusiya geri çəkilmək niyyətində deyil. Türkiyə də masada və ya poliqonda güzəşt edən tərəf olmaq istəmir, Ərdoğan son açıqlamasında bunun müzakirə mövzusu belə olmayacağını dedi.
ABŞ və NATO qüvvələrinin Suriyadan çəkilməsindən sonra böyük üstünlük əldə edən Rusiya isə Türkiyəni meydanda görmək istəmir. Son hücumları da hələlik Suriyada təkbaşına mübarizə aparan Türkiyə üçün “çıx” mesajı da ola bilər. Amma bunun diplomatik təzyiqlərlə yox, silah gücünə edilməsinin ortaya çıxaracağı nəticələr isə ağır ola bilər. Təsadüfi deyil ki, hücumlardan dərhal sonra türk ordusuna məxsus qırıcılar Rusiyanın Ləzgiyədəki hərbi bazalarının yaxınlığına hava zərbələri endirməyə başlayıb.
Vəziyyət nəzarətdən çıxmış kimi görünür, elə bu məqsədlə də Rusiya danışıqları bərpa etmək üçün öz nümayəndə heyətini Ankaraya göndərdib. Lakin hələlik Ankara Moskvanın istəkləri ilə razılaşmaq niyyətində deyil, bu isə Əsədə verilən vaxt fonunda türk ordusunun sabah hərbi əməliyyatları yenidən bərpa edəcəyi ehtimalını gücləndirir. Hücumlardan sonra Suriya sərhədlərinə əlavə hərbi texnika və canlı qüvvə toplayan Türkiyənin verilən vaxtın başa çatmasından dərhal sonra hücuma keçəcəyi gözləniləndir.