3 Mart 2020 23:42
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Ankarada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşünə dair Ermənistan XİN-in mövqeyini şərh edib.

Teleqraf.com-un məlumatına görə, L.Abdullayeva deyib ki, əslində, belə bir absurd mövqeyi ilə Ermənistan tərəfi özünü kifayət qədər gülünc vəziyyətə qoyur. Göründüyü kimi, bölgəmizdə və onun ətrafında baş verən və sürətlə cərəyan edən hadisələr ya onların görmə qabiliyyətindən və təhlil sahəsindən kənarda qalır, ya da emosiyalar yenidən üstünlük təşkil edir:

"Belə ki, dünyada və xüsusilə də bölgədə baş verən hadisələrin dəqiq və müfəssəl təhlili erməni tərəfinin qonşu ölkələrlə münasibətlərində konstruktiv yanaşmasına kömək edə bilərdi. Türkiyə bölgədəki bütün layihə və proseslərin fəal iştirakçısıdır və Ermənistanla Azərbaycan arasındakı münaqişənin tezliklə həllində maraqlıdır. Türkiyə ATƏT-in Minsk Qrupu yarandığı ilk gündən onun daimi üzvüdür və hər zaman onun işində, eləcə də ATƏT-in Minsk Qrupu həmsədrləri ilə məsləhətləşmələrdə fəal iştirak edib. Emosiyaları yüksək olsa belə, Ermənistan tərəfinin Türkiyənin yüksək səviyyəli nümayəndələrinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşünün qiymətləndirilməsində nədən təhrifə yol verdiyi aydın deyil".

Qeyd edək ki, martın 2-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb və onları Qarabağ münaqişəsinin nizamlanması məsələsində daha fəal olmağa çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər