Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov kiçik və mikrobiznesə sıfır faizlə kredit verilməsi mexanizminin işini sınamaq üçün şəxsən kredit almağa çalışıb, amma buna nail ola bilməyib.
Teleqraf.com xəbər verir ki, nazir sözügedən olay barədə şəxsi “İnstaqram” səhifəsində məlumat verib.
M.Reşetnikov iki ən böyük banka zəng edib. Bankların birinin “qaynar xətt”indən bildirilib ki, guya hökumət müvafiq əmr imzalamayıb, digərindən isə yalnız may ayında kredit götürməyi təklif ediblər.
Nazirin sözlərinə görə, bundan sonra bankların rəhbərliyi ilə əlaqə saxlayıb. O, kreditlərin verilməsi ilə bağlı statistikanın hələlik acınacaqlı göründüyünü vurğulayıb.
Qeyd edib ki, 24 milyard rubl almaq üçün edilmiş 3,5 min müraciətə qarşılıq olaraq cəmi 400 milyon rubl verilib, daha 1,1 milyardın verilməsi təsdiqlənib, amma sahibkarlar hələ də pul almayıblar.
Əlavə edək ki, bundan öncə Rusiyanın biznes-ombudsmanı Boris Titov da eyni problemə diqqət çəkmişdi. O bildirmişdi ki, kredit alınmasına edilən nəzarət zamanı Rusiyanın 29 bölgəsində fəaliyyət göstərən 158 şirkətdən 132-nin imtina cavabı ilə üzləşdiyi aşkarlanıb. Digər 15 müraciətə baxılır, 6 şirkətə kredit verilməsi təsdiqlənib, amma verilməyib. Müraciət etmiş yalnız 5 sahibkar real olaraq pul ala bilib.