İslam ƏməkdaşlıqTəşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyiynin tərəfdaşılığı ilə həyata keçirilən “İƏT Modeli-Beynəlxalq Münasibətlər Akademiyası” təhsil proqramının 2020-ci üzrə həm milli mərhələsi, həm də Avrasiya üzrə beynəlxalq mühazirələri onlayn qaydada davam edir.
Teleqraf.com xəbər verir ki, bu həftə İƏT Modeli iştirakçıları və dinləyiciləri üçün ABŞ-da yerləşən Qlobal Siyasət Mərkəzinin direktoru, eləcə də Pakistanın baş naziri İmran Xanın strateji məsələlər üzrə müşaviri doktor Əzim İbrahim “Müsəlman dünyasında yeni geosiyasi reallıqlar” mövzusunda, Azərbaycandan beynəlxalq məsələlər üzrə ekspert Fərhad Məmmədov “Müasir beynəlxalq münasibətlərdə Azərbaycanın yeri və rolu” mövzusunda, eləcə də İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri professor Husnan Bəy Fananimühazirə ilə çıxış ediblər.
Avropa Sosial Beyin Mərkəzi tərəfindən dünyanın 100 qlobal mütəfəkkirindən biri seçilən doktor Əzim İbrahim statistik məlumatlar və müqayisəli təhlil əsasında hal-hazırda müsəlman ölkələrinin üzləşdiyi əsas sosial-iqtisadi problemlərdən (işsizlik, demoqrafiya terrorizm və s.) bəhs edib. Daha sonra natiq İŞİD terror fenomeninin müsəlman ölkələrində yayılma səbəblərindən, eləcə də Rohinca müsəlmanlarına qarşı aparılan soyqırımdan, dünya ictimaiyyətinin və ayrı-ayrı maraqlı dövlətlərin bu qırğına qarşı münasibətindən danışıb.
Fərhad Məmmədov dünyada mövcud milli, dini və coğrafi beynəlxalq platformalar çərçivəsində Azərbaycanın apardığı çoxtərəfli diplomatiya və bu sahədəki uğurlu təcrübələrini şərh edib.
İndoneziyanın Azərbaycandakı səfiri professor Husnan Bəy Fanani təmsil etdiyi ölkənin coğrafi və multikultural cəhətləri, respublikanın 5 əsas prinsipi, həm beynəlxalq təşkilatlar, xüsusilə, İslam Əməkdaşlıq Təşkilatı, həm də ikitərəfli formatda xarici siyasəti nümunəsində beynəlxalq münasibətlərin əsas prinsipləri haqda məlumat verib. Bundan başqa, səfir öz çıxışında həmçinin, İndoneziyanın Azərbaycanla münasibətlərinə toxunaraq, ilk növbədə turizm olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsini bildirib, ölkəsinin Myanmardan qaçqın düşmüş müsəlmanlara etdiyi yardımdan, Rohinqya böhranının həll edilməsi istiqamətində İndoneziyanın atdığı diplomatik addımlardan bəhs edib.
Hər iki natiq sonda gənclərin müxtəlif suallarını cavablandırıb.
Xatırladaq ki, “İƏT Modeli – Beynəlxalq Münasibətlər Akademiyası”təhsil proqramı artıq 10 ildir ki, uğurla həyata keçirilməkdədir. Bu il pandemiya səbəbi ilə proqramın bütün mühazirələri onlayn rejimdə, milli dinləyicilər üçün Azərbaycan, beynəlxalq iştirakçılar üçün ingilis dilində həyata keçirilir. Qeyd etmək lazımdır ki, son 2 həftənin mühazirələrinin ümumi baxışı 20mini keçib. Proqramın 2020-ci il mərhələsi daha 3 həftə onlayn rejimdə davam edəcək və sonda həm Azərbaycan üzrə, həm də Avrasiya regionu üzrə ayrıca olaraq İƏT XİN nazirləri Konfransının simulyasiyası ilə yekunlaşdırılacaq.