ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O’Brayen Almaniyanın “Bild” qəzetinə verdiyi müsahibədə Kalininqrad vilayətindəki Rusiya hərbi infrastrukturunu “Avropanın qəlbindəki xəncər” adlandırıb.
Teleqraf.com xəbər verir ki, onun sözlərinə görə, Rusiya hakimiyyəti bu bölgəyə ABŞ-ın Avropa müttəfiqlərinə, ilk növbədə Baltikyanı ölkələrə yönəlmiş çox sayda raket və silahlar yerləşdirib.
“Eyni zamanda biz Açıq Səma Müqaviləsi çərçivəsində Kalininqrad bölgəsi ətrafında uçuş imkanı əldə edə bilmirdik”, – deyə o bildirib. Robert O’Brayenin müsahibəsinin böyük hissəsi ABŞ-ın Açıq Səma Müqaviləsindən çıxmasının səbəblərinə həsr olunub.
“Kalininqrad özünün coğrafi mövqeyinə görə ticarət xabı (şəbəkə mərkəzi), Rusiya ilə Qərbi Avropa arasında turizm və sosial təmas mərkəzi ola bilər”, – deyə ABŞ Prezidentinin müşaviri qeyd edib.
O, sonra deyib:
“Təəssüf ki, Rusiya hakimiyyəti onu müasir silahlar və raketlərlə doldurulmuş qapalı hərbi bazaya çevirdi. Kalininqrad bölgəsindəki bütün vəziyyət Rusiya və Avropa üçün qaçırılmış bir şansdır və bu, həqiqətən təəssüf doğurur”.