Ukrayna Ali Radasının deputatları ölkənin Daxili İşlər naziri Arsen Avakovun istefası üçün imza toplamağa başlayıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə özünün Feysbuk səhifəsində Ali Radanın deputatı İqor Vasilyev məlumat verib.
“Avakovun istefası üçün imza toplamağa başladıq”, – deyə o yazıb və yazının altına Radaya təqdim olunmaq üçün layihəni yerləşdirib.
Qeyd edək ki, Ukrayna Ali Radası mart ayında səsvermə yolu ilə yeni Baş nazir Denis Şmıqalın təklif etdiyi hökumətin tərkibini təsdiqləyib. A. Avakov yeni kabinetində də Daxili İşlər Nazirliyinin başçısı vəzifəsini qoruyub saxlaya bilib.
Arsen Avakov 2 yanvar 1964-cü ildə Bakıda, Kirov qəsəbəsində (hazırda Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi) hərbi təyyarəçi ailəsində anadan olub. Atası Boris Surenoviç Avakov milliyətcə erməni, anası Tatyana Matveyevna Avakova (Tani Qabarayeva) milliyyətcə osetindir. Arsen Avakov iki yaşından etibarən – 1966-cı ildən daimi əsaslarla Ukraynada yaşayır. O, 27 fevral 2014-cü ildən Ukraynanın Daxili İşlər naziridir.