19 İyun 2020 21:49
1 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 22-də Vyana şəhərində ABŞ və Rusiya arasında nüvə silahsızlaşdırılmasına dair danışıqlar keçiriləcək.

Teleqraf.com xəbər verir ki, danışıqlarda əsas müzakirə mövzusu müddəti gələn ilin fevral ayında başa çatacaq Strateji Nüvə Silahlarının Məhdudlaşdırılmasına dair Müqavilə olacaq. Avstriya mətbuatının yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp Çin rəsmilərinin də danışıqlarda iştirakını istəsə də, rəsmi Pekin bu təklifi rədd edib.

Orta-mənzilli Nüvə Qüvvələri Müqaviləsi (INF) iflasa uğradıqdan sonra hazırda strateji nüvə silahları ilə bağlı müqavilənin taleyi sual altına düşüb. 2011-ci ildə Praqada prezidentlər Barak Obama və Dmitri Medvedev arasında imzalanan ”Yeni start” Müqaviləsi Rusiya və ABŞ-ın nüvə arsenalını müvafiq olaraq 800 daşıyıcı sistem və 1550 döyüşə hazır nüvə başlıqlarına qədər məhdudlaşdırmağı nəzərdə tuturdu. Silahsızlaşdırma hədəfləri 2018-ci ilin fevral ayına qədər icra olunsa da, bu sazişin müddəti 5 fevral 2021-ci ildə başa çatır.

ABŞ hökumətinin silahların ləğvinə dair xüsusi nümayəndəsi Marşall Billinqsli mətbuata verdiyi son açıqlamada ölkəsinin müqavilənin müddətinin uzadılmasına hazır olmasını istisna etməyib. O, bu addım üçün Rusiyanın Çin ilə birlikdə silahsızlaşmaya nəzarət öhdəliyi götürməsini şərt kimi göstərib.

Rusiya XİN-in müavini Sergey Ryabkov isə müqavilənin xilas edilməsi üçün şansların sıfıra bərabər olduğuna dair açıqlama verib. O, bu fikri artıq bu ilin noyabr ayında ABŞ-da prezident seçkilərinin keçiriləcəyini və müqavilə müddətinin uzadılması üçün danışıqlara vaxt qalmaması ilə əsaslandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər