Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron bu gün videokonfrans formatında Moskva-Paris münasibətlərini, habelə dünyada böhranlı vəziyyətləri müzakirə edəcəklər.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya dövləti başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. O, Vladimir Putinin və Emmanuel Makronun əsasən təkbətək danışacaqlarını, lakin videokonfransın başlanğıcının KİV üçün açıq olacağını deyib.
Peskov qeyd edib ki, dövlət başçıları Rusiya-Fransa ikitərəfli münasibətləri barədə fikir mübadiləsi aparacaqlar: "Bu da böhranlı vəziyyətlərin – bu həm Ukrayna nizamlanmasıdır, həm Suriyadır, həm də Liviyadır – müzakirəsi üçün yaxşı imkan olacaq".
Fransa liderinin administrasiyasından verilən məlumatda danışıqların Paris vaxtı ilə saat 15:30 üçün nəzərdə tutulduğu bildirilib. Qeyd olunub ki, danışıqlar zamanı BMT Təhlükəsizlik Şurasının gündəliyində duran əsas beynəlxalq böhranlara nəzər salmaq planlaşdırılır. Makron Rusiyanın lideri ilə strateji tarazlıq, Liviya, İran problemlərini, habelə koronavirusun yayılması ilə bağlı vəziyyəti müzakirə edəcəyinə ümid bəsləyir.