Belaruslu hüquq müdafiəçiləri 8-9 avqust tarixlərində respublikada 80 nəfərin tutulduğunu açıqlayıblar.
Teleqraf.com xəbər verir ki, “Vesna” hüquq-müdafiə mərkəzinin saytında Minskdə saxlanılan 80 nəfərin siyahısı yerləşdirilib. Onların arasında seçki məntəqələrində müşahidəçilər, fəallar, prezidentliyə namizəd Svetlana Tixanovskayanın qərargahının üzvləri, “Dojd” telekanalının jurnalistləri var.
Yayılan ən son məlumata görə isə dünən gecə Minskdə baş verən iğtişaşlarda bir nəfər həlak olub. Bu barədə də “Vesna” hüquq müdafiə mərkəzinin nümayəndəsi Valentin Stefanoviç bildirib.
Onun sözlərinə görə, bu, xüsusi nəqliyyat vasitəsinin etirazçıların üzərinə sürülməsi nəticəsində baş verib.
“Üç nəfər ciddi xəsarət alıb, bir nəfər kəllə-beyin xəsarəti nəticəsində ölüb”, – deyə V.Stefanoviç bildrib.
Belarusda prezident seçkisi avqustun 9-da keçirilib. Minskdə seçki məntəqələri bağlanandan sonra iğtişaşlar başlayıb. Səhərə qədər davam edən iğtişaşlar nəticəsində saxlanılanlar olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıları dağıtmaq üçün səs qumbaralarından, su vuran maşınlardan və bəzi məlumatlara görə rezin güllələrdən istifadə edib. Belarus Daxili İşlər Nazirliyi hələlik tutulanların sayı barədə məlumat verməyib. Hazırda şəhərdə vəziyyət sakitdir.